2020-ci il ərzində Netflix striminq xidməti rəqiblərinin daha əlverişli qiymət təklifi fonunda 4 milyon abunəçisini itirə bilər.
Facemark.az xəbər verir ki, belə bir qiymətləndirməni Needham analitik şirkətinin aparıcı mütəxəssisi Lora Martin edib.
Netflix-də aylıq abunə qiyməti 9 dollar ilə 16 dollar arasında dəyişir. Onun rəqibləri olan Disney+, Apple+ və Hulu isə daha aşağı qiymət təklifləri ilə çıxış edirlər. Məsələn, istifadəçilər adıçəkilən xidmətlərə abunə üçün aylıq cəmi 5-7 dollar arası ödəniş etməlidirlər.
Analitikin sözlərinə görə, Netflixin istifadəçiləri məhz bu platformalara üz tuta bilərlər. Bu isə o halda baş verəcək ki, şirkət abunəçilər üçün daha əlverişli qiymət təklifi ilə çıxış etməyəcək.
Bildirilir ki, amerikan istifadəçilər Netflixin gəlirlərinin böyük hissəsini təşkil edir. Onların itirilməsindən dolayı şirkətə gələ biləcək zərər isə növbəti il ərzində 260 milyon dollar ola bilər.
Netflixdə belə yüksək qiymətin səbəbi isə platformada reklamın yoxluğu ilə izah edilir. Needhamdan hesab edirlər ki, əgər xidmət videoya hər saat baxış üçün reklamın 6-8 dəqiqəsini translyasiya etsə idi, o halda abunənin qiyməti də aşağı düşərdi.
Qeyd edək ki, Netflix artıq abunəçilərin itkisi ilə üzləşib. Belə ki, 2019-cu ilin ikinci rübündə şirkət ABŞ-da 126 000 pullu istifadəçisini itirib. Analitiklər bu itkini isə şirkətin hazırki pul qazanma modeli ilə izah ediblər.