Facebook sosial şəbəkəsi istifadəçinin öz foto və videolarını Google Foto xidmətinə eksport etməyə icazə verib.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Yeni funksiya Data Transfer Project layihəsi çərçivəsində reallaşıb. Apple, Google, Microsoft, Facebook və Twitter arasındakı razılaşmaya görə, informasiyanın ötürülməsi istifadəçilər üçün sadələşdirilməlidir.
Daha əvvəl Amerika Parlamenti tərəfindən iri internet şirkətləri üçün qanun layihəsi hazırlanmışdı. Orada göstərilirdi ki, onlar istifadəçilər arasında məlumatların ötürülməsini sadələşdirməlidirlər.
Sosial şəbəkənin açıqlamasında deyilir ki, gələcəkdə Facebook-dan mediafaylların digər xidmətlərə də eksport edilməsi reallaşdırıla bilər.
Qeyd etmək yerinə düşər ki, hələ ki yeni funksiyanı İrlandiyada test edirlər, onun bütün dünyada buraxılması isə 2020-ci ilin əvvəlinə planlaşdırılıb.
Məlumatda deyilir ki, “Məxfilik və təhlükəsizlik bizim əsas prioritet olaraq qalır. Buna görə də istifadəçilərin bütün məlumatları şifrələnəcək. Onların ötürülməsi zamanı isə istifadəçinin öz şəxsi kodunu daxil etməsi lazım olacaq. Biz elə bir həll yaratmağa çalışırıq ki, insanlar ona inansınlar”.