“Çin şirkəti “Huawei” ABŞ-ın məhdudiyyətləri ilə bağlı olaraq istehsal gücünü azaldacaq. Yaxın 2 ildə gəlirlərdə isə 30 milyard dollar azalma olacağı proqnozlaşdırılır”.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin baş direktoru Ren Zhengfei Çinin mərkəzi televiziyasının efirində çıxışı zamanı deyib.
“Bu halda satışlardan gəlirlər bu il və növbəti il ərzində 100 milyard dollar olacaq”, - deyə şirkətin rəhbəri qeyd edib.
O, bildirib ki, məhdudlaşdırıcı ölçülər təkcə, Çin biznesinə deyil, ABŞ-ın maraqlarına da zərər verir. Buna görə də, “Huawei”in baş direktoru əmindir ki, şirkət 2020-ci ildən sonra öz dövriyyəsini artırmağa nail olacaq.
Xatırlatmaq yerinə düşər ki, 2018-ci ildə şirkətin gəlirləri 721,1 milyard yuan olub (104 milyard dollar). Bu isə 2017-ci ilin göstəricisi ilə müqayisədə 19,5%-lik artım deməkdir.
Bildirək ki, daha əvvəl isə “Nomura Instinet” tərəfindən açıqlanan hesabatda deyilirdi ki, “Google”un “Huawei”in Android lisenziyasını dayandırması, texnologiya nəhənginə 425 milyon dollar gəlir itkisinə səbəb olacaq.