“Apple” rəqəmsal musiqi sənayesində üstünlük əldə etmək üçün daha bir investisiya edib.
Facemark.az xəbər verir ki, kompaniya istifadəçilərin musiqi seçimlərinin təhlili ilə məşğul olan “Asaii” şirkətini 100 milyon dollara alıb. “Alma” şirkəti bu həmləsi ilə, istifadəçilərə təklif olunan musiqi məzmununu genişləndirmək niyyətindədir.
Şirkət ötən apreldə pullu istifadəçi həddinin 40 milyonu aşdığını elan etmişdi. Amma bununla belə, “Apple”ın onlayn musiqi xidməti bazarında ən böyük rəqibi “Spotify” olaraq qalır.
Kompaniya son investisiyaları ilə göstərir ki, o, “Spotify” ilə rəqabətdən birinci çıxmağı planlaşdırır. “Apple”ın “Assai”nin təhlil platforması hesabına, siyahını istifadəçilərin musiqi vərdişlərinə görə, tərtib olunacağı və onlara sevdiyi mahnıları təklif edəcəyi bildirilir.
Xatırlatmaq yerinə düşər ki, “Apple” sentyabrda “Spotify” ilə rəqabətdə irəli keçmək üçün musiqi tanıma tətbiqi olan “Shazam” şirkətini 400 milyon dollara almışdı.
Qeyd edək ki, nə vaxtsa eşitdiyiniz, amma ifaçını və mahnının adını bilmədiyiniz melodiyanı “Shazam”a dinlətməklə, mahnı və ifaçının adını tapmaq mümkündür.