Rusiyada “Apple”ın satışları praktiki olaraq artmır. 2018-ci ilin 3-cü rübündə iPhone istehsalçıları 41,3 milyon qacet istehsal ediblər bu isə bir il əvvəlin anoloji dövrü ilə müqayisədə cəmi 1% çoxdur.
Facemark.az-ın məlumatına görə, bu barədə İzvestiya nəşri Yula xidmətində yerləşdirilən, Mail.Ru Research-ın apardığı analizin nəticələrinə istinadən bildirib. Tədqiqata görə, bu gün alış ilə bağlı növbələr və öncədən sifariş ilə bağlı təkliflər 2017-ci illə müqayisədə daha aşağıdır. Rusiyada yeni smartfonların rəsmi satışından bir həftə əvvəllə qədər onların alınması ilə bağlı internet sorğularının həcmi 2 dəfə artıb. Bir il əvvəl iPhone X-in bazarda rəsmi satışının elan edilməsinə qədərki 7 gün əvvəl, belə sorğuların həcmi 30 dəfə artmışdı.
Ekspertlər isə qeyd edir ki, bazarda belə bir mənzərənin yaranmasına səbəb, rəqiblərin bazar payını tutması və yeni modellərdə mühüm dəyişikliklərin olmaması ilə bağlıdır.
Rusiya mətbuatı yazır ki, bu ildə amerika korporasiyası praktiki olaraq innovasiyalar təklif etmədi. İzvestisiya yazır ki, amma görünür şirkətin marketinq strategiyası işləyir: “Şirkət Stiv Cobs tərəfindən yaradılmış markanın sayəsində öz imicini qoruyub saxlamağı bacarıb. “Apple” “ağıllı” telefonların keçmiş modellərini daha aşağı qiymətə satılmasını təmin etməklə yanaşı, daha bahalı lüks telefonların istehsalına və satışına fokuslanır”.
Xatırlatmaq yerinə düşər ki, iki həftə əvvəl “Apple” 3 yeni smartfonunu təqdim etmişdi. Bunlar “iPhone Xs”, kompaniyanın tarixində ən böyük model hesab olunan “iPhone Xs Max” və daha büdcəli hesab olunan “iPhone Xr”. Qonşu ölkənin bazarında “iPhone”un yeni modellərinin qiyməti 87 990 rubldan (təxminən 1400 dollardan-red.) başlayır. Korporasiyanın yeni modellərinin Rusiyada rəsmi satışlar isə bu gündən, yəni sentyabrın 28-dən start götürüb.
Qeyd edək ki, Azərbaycan bazarına gəldikdə isə, 64 GB-lıq “iPhone Xs”in qiyməti 2699 manat (kreditlər 3324 manat), 256 GB-lıq “iPhone Xs”in qiyməti 2899 manat ( kreditlə 3564 manat)dır. 64 GB-lıq “iPhone Xs Max”ın qiyməti isə 2999 manat (kreditlə 3684 manat), 256 GB-lıq “iPhone Xs Max”ın qiyməti isə 3199 manat ( kreditlə 3936 manatdır).
Xatırladaq ki, qiymətlər Azərbaycanın ən böyük mobil telefon mağazası olan “WorldTelecom" şirkətinin rəsmi saytından götürülüb. “iPhone” yuxarıda da qeyd etdiyimiz kimi aşağı büdcəli qiymət kateqoriyasına daxil olan “iPhone XR” hələ ki, şirkətin satışında yoxdur. Şirkətin müştəri xidmətlərində modelin təxmini qiymət aralığı haqqında da fikir bildirmədilər: “Bu haqda dəqiq məlumat bildirə bilməyəcəyik. Tezliklə satışımızda mövcud olacaqdır”, - deyə şirkətin rəsmisi sözlərinə əlavə edib.