“Instagram” sosial platformasının yaradılmasında iştirak edən icraçı direktor Kevin Sistrom və əsas texniki direktor Mayk Kriqer yaxın vaxtlarda şirkəti tərk edəcəklərini bildiriblər.


Facemark.az-ın məlumatına görə, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazıb.


Nəşr qeyd edib ki, Sistrom və Kriqer 2010-cu ildə sosial platformanın yaradılmasında bir yerdə işləyiblər. Onlar istefalarının səbəbləri haqqında dəqiq məlumat verməyiblər. Sadəcə yeni yaradıcılıq və istirahət üçün onlara fasilənin lazım olduğunu bildiriblər. Kevin Sistrom həmin ərəfədə baş əməliyyat direktoru, Mayk Kriqer isə əsas texniki direktor vəzifəsində çalışıb.


Kevin Sistrom



“Biz, Maykla birgə kollegiyamıza təşəkkürümüzü bildiririk. “Instagram” komandası ilə 8 il, “Facebook” komandası ilə isə 6 il bir yerə olduq. Bizim komanda 13 nəfərdən 1000 nəfərə qədər böyüdü. Hazırda biz milyarddan çox istifadəçiyə sahibik və dünyanın hər yerində ofislərimiz fəaliyyət göstərir. İndi biz növbəti mərhələ üçün hazırlaşırıq. Biz, öz bilik və yaradıcılığımızı tətbiq etmək üçün istirahət götürməyə qərara aldıq”, - deyə Kevin Sistrom deyib.


Mayk Kriqer



Qeyd edək ki, “Instagram” şəkil və videoların yüklənməsi üçün nəzərdə tutulub. 2010-cu ilin oktyabrında fəaliyyət göstərən sosial platforma, ilkin mərhələdə yalnız “Apple” şirkətinə məxsus mobil qurğularda əlçatan olub. 2012-ci ilin aprelindən isə Android istifadəçiləri də platformadan istifadə edə biliblər.



Daha sonra isə, “Facebook” şirkəti platformanı 1 milyard dollar qaşılığında alıb.