ABŞ-ın ticarət nəhəngi “Amazon”un Türkiyə bazarına girişi təxirə salınıb.


Facemark.az-ın məlumatına görə, Hürriyətin yazarı Jale Özgentürk yazır ki, “Amazon” Türkiyə ilə ABŞ arasında yaşanan böhrandan narahatdır. Ticarət nəhəngində “iPhone”ların çəkiclə qırıldığı bir dövrdə Türkiyə bazarına daxil olmaq səhv olardı” düşüncəsi hakimdir.


Müəllif “İş dünyasında məktub ümidi” adlı məqaləsində e-ticarətin “Alibaba”, “Amazon”, eBay kimi nəhənglərinin bir müddətdir ölkədə əməliyyatlar aparmaq üçün hazırlıq etdiklərini yazıb.


“Bu şirkətlər arasında “Amazon” isə iyundan bəri Türkiyədə əməliyyatlara başlamaq üçün texniki hazırlıqlarını davam etdirirdi”, - deyən Özgentürk “İstanbul Leventdə ofisini də açan “Amazon”un ən son bayramdan sonra əməliyyatlara başlayacağı qeyd edilmişdi. Hətta son tarixin 28 avqust olacağı bildirilmişdi”, - deyə sözlərinə əlavə edib.


“Ciddi markalarla əməkdaşlığını başa vuran “Amazon” test çalışmalarını da bir müddətdir davam etdirirdi” xatırlatmasını edən müəllif sözlərinə belə davam edib:


“Amazon bayramdan sonra satışlara başlamalı idi. Amma ölkədəki əməliyyatların bir müddət daha təxirə salındığını öyrəndim. Aldığım məlumatlara görə, şirkət ölkədəki əməliyyatlarına sentyabrın sonu, ya da oktyabrda start verəcək. Uzun müddətdir texniki baxımdan hazırlıq görən şirkətin narahatlığı isə bu dəfə fərqlidir. ABŞ ilə yaşanan böhran, “iPhone”ları çəkiclə qırıldığı, Amerikan markalarına qarşı cəmiyyətdəki reaksiyaların artdığı dövrdə Türkiyə bazarına daxil olmaq səhv olardı düşüncəsidir”.


Gecikmə olsa da yaxında Türkiyədə olacaq


“Bu arada gecikmə olsa da, “Amazon” və digər elektron ticarət nəhəngləri çox yaxında Türkiyədə olacaq”, deyən Özgentürk, bu həmlənin pərakəndə sektorunun tarixinin yenidən yazılması anlamına gəldiyini deyib və belə davam edib:


“Bu dəyişikliklə bağlı JLL İdarə Heyətinin Sədri Avi Alkaş e-ticarət nəhənglərinin Türkiyə pərakəndə sektoruna rəqabət gətirsə də fayda yaradacağını düşünür. İstehsalçı üçün yeni marketinq imkanlarının yaranacağını deyir. “Amazon”da yer alacaq markalardan biri olan “Sportive”nin Baş direktoru Zeynep Selgur da 2022-ci ildə ABŞ-da alış-veriş mərkəzlərinin 25%-nin bağlanacağını, pərakəndə bazar yeri olaraq adlandırılan e-ticarətə çevriləcəyini bildirir”.


Qeyd edək ki, daha əvvəl byGo-nun təsisçisi Olcay Özkan “Amazon”un Türkiyə bazarına daxil olmasının faydaları barəsində bunları demişdi:


“Türkiyədə “Amazon”un necə bir strategiya xətti tutacağını söyləmək çətindir. Amma əminəm ki, şirkət bazarda bəzi qaydaları dəyişdirəcək. Şirkətin bazara gəlişi loqistika mövzusunda fürsəti dəyərləndirməyən və uğursuz xidmət verən bir çox kompaniyalara da dərs olacaq. Təbii ki, bu işlər elə də asan deyil. Türk müştərisi çox çətin müştəridir. Biz dünyanın ən çətin müştəri kütləsini yetişdirdik. İnanıram ki, “Amazon” bu vəziyyəti də öz xeyirlərinə doğru dəyişəcək. Amma yenə də xatırladım ki, işləri heç də asan olmayacaq”.