Bilirsiniz ki, “Netflix” abunəçiləri platformada olan serial, filmlərə reklam izləmədən baxa bilir. Belə ki, onlar izlədikləri serialların arasında heç bir reklam görmürlər. Qısası, abunəçilər sevdikləri film, seriallara ard-arda maneəsiz izləyə bilirlər. Amma izləyici platformada uzun müddət vaxt keçirmədiyi təqdirdə ona xəbərdarlıq edilir.


Ötən gün “Netflix” abunəçiləri platformada hər kəsin vərdiş etmədiyi bir vəziyyətlə qarşılaşıb. Onlar seriallara keçid vaxtı 10-20 saniyə arasında davam edən tanıtım videoları izləyiblər. Adıçəkilən videolarda “Netflix” istehsalçısı olduğu digər işlərin tanıtımını edirdi. Amma istifadəçilər platforma tərəfindən edilən bu addımı reklam olaraq qəbul edib. Abunəçilər platformanın yeniliyinə mənfi reaksiya veriblər. Üstəlik videoları səssiz izləmək və keçmək də mümkün olmayıb.


Abunəçilərin reaksiyasından sonra, “Netflix” açıqlama vermək məcburiyyətində qalıb. Açıqlamada platformaya reklamların daxil edilməsi kimi bir vəziyyətin olmadığı, yalnız tanıtım videolarını sınaqdan keçirtdiklərini deyiblər.


“Netflix” adından açıqlama verən Smita Saran, tanıtım videolarının hər kəsə özəl tövsiyə xarakteri daşıdığını və abunəçilərin yeni kontentləri daha sürətli kəşf etmələrinə kömək olduğunu deyib.


Tanıtım videolarının nə qədər adama çatdığı isə bilinmir. Ancaq qeyd olunur ki, bu yenilik qlobal səviyyədə təcrübədən keçirilib.