“YouTube” saxta xəbərlər ilə mübarizə aparmaq üçün 25 milyon dollar ayırmaq niyyətindədir.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Platforma keyfiyyətli videolar təqdim etmək üçün öz səylərini “Google News” ilə birləşdirəcək. Layihənin başlanıcında isə “Vox Media”, “Jovem Pan” və “India Today” kimi Kütləvi İnformasiya Vasitələri (KİV) cəlb ediləcək. Daha çox video formatda xəbər yayan informasiya vasitələrinə vəsait, həm “YouTube”, həm də “Google” tərəfindən qrant şəklində ayrılacaq.
Şirkət həmçinin xəbər istehsalçılarını, həm də ekspertləri bir araya gətirən işçi qrupu yaratmaq niyyətindədir. Maliyyələşdirmə 20 bazarda əlçatan olacaq, platformadan maliyyə almaq üçün isə öndəcən müraciət etmək lazım olacaq.
Məsələ ilə bağlı olaraq “YouTube”un məhsullar üzrə direktoru Nil Moxan deyib ki, “Biz hesab edirik ki, keyfiyyətli jurnalistika, daim davamlı investisiyanı tələb edir. Biz məhsullarda innovasiyanın dəstəyi və xəbərlərin maliyyələşdirilməsi üçün məsuliyyət daşıyırıq”.
Bundan başqa, platforma yerli axtarış nəticələrinin verilməsi ilə bağlı olaraq “Ən yaxşı” xəbərlər funksiyasını yaxşılaşdırmaq niyyətindədir.

