“Instagram” iyunun 5-də fraqmanı ilə yeni video paylaşım platforması IGTV-ni təqdim edib. IGTV-nin auditoriyaya təqdim edilməsi insanlarda bir sual yaradıb. Adıçəkilən platforma “YouTube”a rəqib ola bilərmi?
Facemark.az xəbər verir ki, 1 saata qədər uzunluqda olan şaquli videolar birbaşa olaraq mobil istifadəçiləri hədəfə alıb. Hazırda isə istifadəçilər “Instagram”da uzunluğu 1 dəqiqədən çox olmayan videolar paylaşa bilirlər.
IGTV, “Instagram”ın digər özəlliklərindən tamamilə fərqli olan müstəqil tətbiqdir. Hər “Instagram” istifadəçisi, eyni zamanda bir IGTV istifadəçisi də ola biləcəyindən yeni platformanın qısa müddətdə 1 milyard istifadəçiyə çatması gözlənilir.
“2010-cu ildən platformanı işə saldığımızdan bəri müşahidə edirik ki, “Instagram” necə inkişaf yolu keçir və bu bizi məmnun edir. Bu böyük uğurdur. “Instagram” komandası adından sizin hamınıza təşəkkürümüzü bildiririk”, - deyə şirkətin açıqlamasında qeyd olunub.
Ekspertlər bildirilər ki, yeni video platforması yaxın gələcəkdə “YouTube”a rəqib ola bilməz. Amma “Instagram”ın “YouTube”un etdiyi xətaları etməyərək istifadəçilərin şikayətlərinə qulaq verməsi, kontent istehsalçıları üçün gəlir qaynağının yaratması, orta müddətli gələcəkdə IGTV-ni “YouTube”a alternativ hala gətirə bilər.
