Mayın 25-də Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsinin Tənzimlənməsi (EU General Data Protection Regulation – GDPR) qurumunun qərarından sonra, “Twitter” 16 yaşdan (+16 yaş) kiçik istifadəçilərin hesablarını bağlayıb və ya başqa adla blok edib.


Facemark.az xəbər verir ki, sosial platforma yeni qaydaları yalnız Avropada müvafiq tənzimləmə ilə əhatə olunan ölkələrdə tətbiq edib.


Hesabında qeyd olunan doğum günü məlumatlarına görə, 16 yaşdan kiçik olan istifadəçilərin səhifələrinin yenidən aktiv hala gəlməsi üçün onların valideynləri anket dolduraraq icazə verməlidir. Yeni qaydaların tətbiqindən sonra, platformadakı məşhur hesablar bir gündə minlərcə izləyici itirib.


Əlbəttə, Avropa İttifaqının yeni qaydaları təkcə “Twitter”ə şamil edilməyib. Ancaq digər sosial şəbəkələr hələlik bu istiqamətdə sərt tədbirlər həyata keçirməyib. Məsələn, “WhatsApp” 12 maydan etibarən 16 yaşdan aşağı şəxslərə mesajlaşma icazəsi vermir. Ancaq bu qadağanın nəzəriyyədən təcrübəyə tətbiq etmək qeyri-mümkündür.


Çünki istifadəçilərə nəzarət edilməsi lazım olan tək mexanizm qarşılarına çıxan bir şərhdən ibarətdir. Bir kliklə 16 yaşından böyük olduğuna təminat verən hər kəs “WhatsApp”ı istifadə etməyə davam edə bilir. “Facebook” isə Avropa İttifaqının yeni qaydaları çərçivəsində yeni addımlar atmayıb.


Xatırladaq ki, Aİ-nin qaydalarına riayət etməyən firmaları ciddi cəzalar gözləyir.


Qeyd edək ki, GDRP Avropada yaşayan vətəndaşların məhrəmiyyətinin qorunması istiqamətində məlumatların gizliliyinə nəzarət edən xidmətdir.