Çinin texnologiya nəhəngi “Xiaomi” məhsulların onlayn tədarükçüsü “GearBest” ilə əməkdaşlığı nəticəsində Türkiyə bazarına gəlir.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Xiaomi” məhsullarının qiymətinin hər cibə münasib olması, onu istehlakçılar arasında məşhurlaşdırıb.


Məlumata görə, marka Fransa, İtaliyada açdığı “Mi Store” mağazalarından sonra Türkiyə bazarına giriş edəcək.


Türk mətbuatı yazır ki, iyunun 6-dan 10-dək İstanbulda “Video Oyunları və Texnologiya Sərgi”sində (Games Week 2018) “Xiaomi” “GearBest” ilə ortaq stend açacaq. Marka forum çərçivəsində Türkiyə bazarına addım atacağı ilk cihazı “Redmi S2” modelini təqdim edəcək.



Qeyd edək ki, “Xiaomi” başlanğıcda 7 fərqli telefon modeli ilə Türkiyə bazarına daxil olacaq. Məhsulların göndərilməsi birbaşa olaraq Türkiyədən ediləcək. Amma bildirilir ki, texniki dəstək məsələsində isə, marka ölkədə cib telefonlarının topdan və pərakəndə satışı, dağıtımı və texniki xidməti ilə məşğul olan “Genpa” şirkəti ilə müqavilə bağlayıb.


Xatırladaq ki, Çinin elektronika məhsulları istehsalçısı olan “Xiaomi” korporasiyası 2010-cu ilin aprelin 6-dan fəaliyyət göstərir. “Xiaomi” smartfon, mobil tətbiq, noutbuklar, müvafiq elektronik məhsullar istehsal edir və adıçəkilən sahələrə ciddi sərmayə edir. 2017-ci ilin məlumatına görə, şirkət dünyanın beş ən böyük smartfon istehsalçılarından biri olub. Marka ilk smartfonunu 2011-ci ildə bazara buraxıb, 2014-cü ildə isə artıq Çin bazarında sürətlə böyüyən elektronik məhsulların istehsalçısı idi. “Xiaomi”də hazırda 15 mindən çox insan çalışır.