“Instagram”da sevmədiyiniz istifadəçilərin postlarını görməzdən gəlmək üçün (mute) yeni funksiya yaranıb.
Facemark.az şirkətin rəsmi səhifəsinə istinadən xəbər verir ki, yeni funksiyanın hesabına sizin izləyiçilər siyahınızda olan insanların paylaşım və hekayələrini onları izləyici siyahısından çıxartmadan görməzdən gələ biləcəksiniz.
Mute düyməsi istifadəçinin fotosunun olduğu profilin sağ üst küncündə yerləşir. Maraqlıdır ki, əgər kimsə sizi görməzdən gəlmək üçün funksiyanı aktiv edirsə bu barədə sizə bildiriş gəlməyəcək. Eyni zamanda, istifadəçi funksiyanı deaktiv edəndə isə bu barədə şəkilləri görməzdən gəlinən istifadəçiyə bildiriş gedəcək.
Funksiyanı deaktiv etdikdən sonra isə siz həmin izləyicinin post və hekayə paylaşımlarını, mesajlarını, şərhlərini yenidən görə biləcəksiniz.
Qeyd edək ki, analoji funksiya daha əvvəldən “Facebook” və “Twitter”də mövcud idi. Siz bu funksiya vasitəsilə xəbər lentinizdə konkret istifadəçilərin postlarını müvəqqəti və ya həmişəlik gizlədə bilərsiniz. Amma orda gizlədilmiş istifadəçilər heç bir bildiriş almırlar.
Xatırladaq ki, daha əvvəl “Instagram” repost funksiyasını yaratmışdı. Bu yenilik sayəsində istifadəçilər xəbər xətində və Stories bölməsində xoşlarına gələn xəbərləri yenidən paylaşa bilirdilər.
