“YouTube”un uzun müddətdir ki, gözlənilən onlayn musiqi xidməti “YouTube Music”in təqdim edilmə tarixi məlum olub. “YouTube”un milyonlarla musiqi və klipi özündə cəmləşdirəcək yeni musiqi platforması mayın 22-də təqdim ediləcək.
Facemark.az xəbər verir ki, “YouTube Music”ə pullu olaraq abunə olmaq, ya da reklamlı və pulsuz versiyasını istifadə etmək mümkün olacaq. İstifadəçilərə, həmçinin musiqinin dinlənilmə keçmişi, digər musiqi kateqoriyaları arasındakı yeri haqqında da informasiya veriləcək.
“YouTube Music”in pulsuz versiyası reklam dəstəkli olacaq və “Google Play Music” abunəçiləri isə pullu versiyanı əlavə bir məbləğ ödəmədən istifadə edə biləcəklər. Yeni aylıq abunəlik haqqı üçün 9,99 dollar ödəyərək “YouTube Music Premium”dan faydalana biləcəksiniz.
“Premium” üzvlər isə mahnıları yükləyə biləcək, tətbiqdəki mahnılara arxa planda çalışan vaxtı belə qulaq asa biləcəklər. 11,99 dollarlıq “YouTube Premium” ilə “YouTube Red” abunəçilərinə təqdim edilən orjinal film və seriallara əlçatanlıq da mümkün olacaq.
“YouTube Music” mayın 22-dən etibarən ABŞ, Avstraliya, Yeni Zelandiya, Meksika, Cənubi Koreya da xidmətə başlayacaq. Xatırlatmaq yerinə düşər ki, tətbiq hələ də Azərbaycanda əlçatan deyil. Amma tətbiq ilə bağlı məlumatları yaxından izləmək üçün rəsmi sayt üzərindən e-mail adresinizi qeyd edə bilərsiniz.


