Səhvən “Twitter” istifadəçilərinin parolları qorunmamış fayla köçürülüb.


Facemark.az xəbər verir ki, kompaniya məsələ ilə bağlı olaraq istifadəçilərinə xəbərdarlıq edib.


Şirkətdən edilən açıqlamaya görə, baş verən texniki problemdən dolayı, parol faylları şifrələnmiş şəkildə deyil, açıq oxuna bilən fayla köçürülüb.


“Twitter” CEO-su Cek Dorsi məsələ ilə əlaqədar deyib ki, problem qısa müddət ərzində müəyyən edilib: “Parolların oğurlanmasına dair heç bir işarə yoxdur. Ancaq yenə də bütün istifadəçilərdən parollarını dəyişdirməsini tövsiyə edirik”.


Şirkət baş verən problemin neçə hesaba təsir etdiyinə dair açıqlama verməyib. Kompaniyaya yaxın mənbələr “Reuters” xəbər agentliyinə deyib ki, problemin təsir etdiyi hesabların sayı ciddi ölçüdədir. Mənbə bildirib ki, parollara giriş aylardır ki, açıq olub.


“Twitter” baş verənlərə görə istifadəçilərindən üzr istəyib. Şirkətin texnologiya üzrə müdiri Parag Agrawal qeyd edib ki, bu barədə istifadəçilərə məlumat vermək məcburiyyətində deyildik: “Amma şəffaflıq olsun deyə, baş verənləri istifadəçilər ilə paylaşmağı seçdik”.