Məşhur mesajlaşma xidməti, istifadəçilərinin sayı 1 milyard nəfəri ötən “WhatsApp”ın təsisçisi və CEO-su Yan Kum vəzifəsindən istefa edib.


Facemark.az xəbər verir ki, Vaşinqton Post qəzeti yazır ki, şirkətin rəhbəri “Facebook” şəbəkəsində deyib ki, “texnologiyadan başqa, mənə xoş olan şeylərə vaxt ayırmaq üçün bir müddət işləməyə fasilə verəcəyəm”.


“Bizim Braynla (Brayn Aktonu nəzərdə tutur – red) birgə “Whatsapp”ı yaratmağımızdan 10 ilə yaxın vaxt keçib və bu ən yaxşı insanlarla birlikdə gözəl bir səyahət idi. Lakin irəli getməyin vaxtı gəlib çatıb”, - o, belə deyib.



Ancaq Vaşinqton Post qəzeti qeyd edir ki, onun belə bir qərar qəbul etməsinə səbəb “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara alan “Facebook” rəhbərliyi ilə Yan Kum arasında yaşanan anlaşılmazlıq olub.


Qəzet yazır ki, Kum “Facebook”dan gələn şifrələnmə meyarlarının sadələşdirilməsi, “Facebook” və “WhatsApp” arasında fərdi məlumat mübadiləsinin gücləndirilməsi tələblərinə qarşı çıxırdı.


Kum, həmçinin “Facebook”dakı rəsmi səhifəsində yazıb ki, “Komandamız daha güclü və möhtəşəm işlər etməyə davam edəcək. Rəhbərlikdə olmasam belə, xaricdən “WhatsApp”a dəstəyimi davam etdirəcəm”.