“Ağıllı” telefon bazarının son bir neçə ildir parıldayan ulduzu da Çinin “Xiaomi” şirkətidir. Bazarda “ağıllı” telefonlar ilə yanaşı, digər elektronik məhsullar da istehsal edən “Xiaomi” ötən gün Çində təşkil etdiyi konfranslarının birində yeni “ağıllı” telefonu “Xiaomi Mi 6X”i tanıdıb. Ancaq Çinli şirkət bununla başqa bir önəmli açıqlama da edib.
Facemark.az xəbər verir ki, “FoneArena” yazıb ki, “Xiaomi” yeni “ağıllı” telefonunun təqdimatı konfransında məhsullardakı ümumi mənfəət marjasının 5%-i keçməyəcəyini deyib.
Xəbərə görə, yenilik təkcə “ağıllı” telefonları deyil, əşyaların interneti, həyat tərzi məhsullarını da əhatə edəcək.
Şirkət, həmçinin bəyan edib ki, əgər mənfəət marjası 5%-i keçərsə, onu müştərilərə geri qaytarmaq üçün də yollar axtaracaqlar.
“Xiaomi” bu yeni və qəribə görünən həmləsi ilə istifadəçilərin uzun müddətdə etibarını qazanmağı, aşağı mənfəət marjası ilə yüksək miqdarda məhsul satmağı və uzun müddətdə daha çox mənfəət əldə etməyi planlaşdırır.
Kompaniya əmin edir ki, şirkətin belə bir missiyada olmasının səbəbi bütün müştərilərinin texnologiyanın imkanlarından faydalanmaq istəklərindən qaynaqlanır.
Şirkətdən bildiriblər ki, hər kəs daha dürüst qiymətlər (qiymətlərin enə biləcəyi istisna deyil –red.) ilə texnologiyanın yeni imkanlarından faydalana bilməlidir.
Qeyd edək ki, şirkətin mövcud illik gəliri 100 milyard yuanı (təxminən 16 milyard dolları) aşan şirkətin 20 min nəfər işçisi var.