ABŞ-ın təmizləyici və şəxsi qayğı məhsullarının nəhəng istehsalçısı, dünyanın ən böyük reklamverən şirkəti “Procter & Gamble” “YouTube” platformasına qayıdır.
Facemark.az xəbər verir ki, “Hollywood Reporter” yazır ki, şirkət bir illik boykotdan sonra yenidən öz məhsullarını “YouTube” platformasında reklam edəcək.
Şirkətin mətbuat xidmətindən adıçəkilən media orqanına bildiriblər ki, son illər platformada markanın təhlükəsizliyinin təmin edilməsi üçün aktiv iş aparılıb. Kompaniyanın reklamları platformada yalnız təsdiq olunmuş kanallarda yerləşdiriləcək.
Şirkət nümayəndəsinin sözlərinə görə, belə kanalların sayı 10 mindən azdır. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilə, yəni boykota qədər şirkət reklamlarını 3 milyon kanalda yerləşdirirdi.
Xatırladaq ki, şirkət platformada reklamlarını 2017-ci ilin mart ayından dayandırıb. Buna səbəb isə platformada terrorizm və antisemitizmin təbliğatı, şübhəli kontenti olan çarxların yerləşdirilməsi olub.
2017-ci ilin noyabr ayından isə “Mars”, “Adidas” və NP kimi şirkətlər platformadan qeyd olunan səbəbə görə, getmişdilər. “YouTube” reklamverənlərini itirdikdən sonra, reklam siyasətində dəyişikliyə getməyə məcbur olmuş və moderator ştatını genişləndirmişdi.