“Facebook”un CEO-su Mark Zuckerberg ingilis mediası vasitəsilə təhlükəsizlik qalmaqalına görə, bütün istifadəçilərindən üzr istəyib.
Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, onun üzr mesajı “Mail on Sunday”, “Sunday Times”, “Sunday Telegraph”, “Sunday Mirror”, “Sunday Express” ve “Observer” qəzetlərində dərc olunub.
İngilis qəzetlərində bütün səhifədə yayımlanan üzr mesajında yazılıb:
“Universitetdəki bir nəfər araşdırmaçının hazırladığı və 2014-cü ildə milyonlarla insanın “Facebook” məlumatlarına çatmasına səbəb olan test tətbiqi haqqında eşitmisiniz. Bu bir təhlükəsizliyin pozulması demək idi.
Bununla əlaqədar daha çox şey edə bilmədiyim üçün məyusam. Belə bir hadisənin bir daha baş verməməsi üçün qabaqlayıcı tədbirlər alırıq. Qeyd olunan tətbiq kimi istifadəçilərdən daha çox şəxsi məlumatlar tələb edən tətbiqləri dayandırdıq. İstifadəçilərdən informasiya istəyən tətbiqlərə də məhdudiyyətlər qoyduq. Bizə inandığınıza görə, təşəkkür edirəm. Sizin üçün daha yaxşısını etməyə çalışacam”, - deyə “Facebook”un CEO-su bildirib.
Qeyd edək ki, məşhur şəbəkə ətrafında qalmaqal “This is your digital life” mobil əlavəsini hazırlamış Kembric universitetinin proffessoru Aleksandr Koqanın günahı ucabatından başlayıb. Nəticədə şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarından istifadə edilib. Həmin informasiyalardan isə 2016-cı ilin noyabr ayında ABŞ prezident seçkiləri və İngiltərədə eyni ilin iyun ayında həyata keçirilən Avropa İttifaqı (Aİ) referendumuna təsir etmək üçün istifadə edib. Məsələ ilə əlaqədar İngiltərə İnformasiya Kommisiyası, ABŞ-ın Federal Ticarət Kommisiyası və Avropa Parlamenti “Facebook”dakı şəxsi məlumatların icazəsiz istifadə edilməsinə dair iddiaların araşdırılması məqsədi ilə istintaqa başladıqlarını bildiriblər.
Məhz ABŞ-ın Federal Ticarət Kommisiyasının araşdırmasının nəticəsi müsbət yönümlü olarsa, şirkəti 40 milyar dollar dəyərində cəza gözləyir. Qalmaqalının ortaya çıxmasından sonra, “Whatsapp”ın ortaq qurucularından biri olan Brian Acton “Twitter” hesabı üzərində izləyicilərinə “Facebook”u silin çağırışı edib. 35 minə yaxın izləyicisi olan Acton, tvitində “Facebook”u silməyin (#deletefacebook) vaxtı gəldi deyib.
Daha sonra isə Serdar adlı Twitter istifadəçisinin “İlon, Kişisənsə, “Facebook”unu sil tvitindən sonra İlon Mask “Tesla”, “SpaceX” şirkətlərinin “Facebook” hesablarını silib. Adıçəkilən şirkətlərin izləyicilərinin sayı iə 2,5 milyon nəfərdən çox olub. “Mozilla Firefox” brauzerini hazırlayan “Mozilla” şirkəti isə platformada reklam yerləşdirməsini dayandırıb. Bütün bu qalmaqallar platformanın təsisçisi Mark Zuckerbergin şəxsi sərvətinə də təsir edib. Belə ki, onun şəxsi sərvəti 74,5 milyard dollardan 67,7 milyard dollara enib.

