“Cambridge Analytica” (CA) qalmaqalına görə, “Facebook” 40 milyard dollar cəza ala bilər.


Facemark.az xəbər verir ki, qalmaqaldan sonra, şirkətin səhmlərinin dəyəri kəskin düşüb. Dünən səhmlərin dəyərində 2,5% geriləmə müşahidə edilib.


Həftənin əvvəlindən bu yana şirkətin ümumi itkisi isə 10%-i keçib. Platformanın təsisçisi Mark Zuckerbergin şəxsi sərvəti isə 74,5 milyard dollardan 67,7 milyard dollara enib.


İnsanlar arasında isə “Facebook”u sil kampaniyası start götürüb. “Cambridge Analytica” qalmaqalının ortaya çıxmasından sonra, “Whatsapp”ın ortaq qurucularından biri olan Brian Acton “Twitter” hesabı üzərində izləyicilərinə “Facebook”u silin çağırışı edib. 35 minə yaxın izləyicisi olan Acton, tvitində “Facebook”u silməyin vaxtı gəldi deyib.



Xatırladaq ki, “Cambridge Analytica” analtika şirkəti 50 milyon “Facebook” istifadəçisinin hesablarından icazəsiz əldə edib. Həmin informasiyalardan isə 2016-cı ilin noyabr ayında ABŞ prezident seçkiləri və İngiltərədə eyni ilin iyun ayında həyata keçirilən Avropa İttifaqı (Aİ) referendumuna təsir etmək üçün istifadə edib. Məsələ ilə əlaqədar İngiltərə İnformasiya Kommisiyası, ABŞ-ın Federal Ticarət Kommisiyası və Avropa Parlamenti “Facebook”dakı şəxsi məlumatların icazəsiz istifadə edilməsinə dair iddiaların araşdırılması məqsədi ilə istintaqa başladıqlarını bildiriblər. Məhz ABŞ-ın Federal Ticarət Kommisiyasının araşdırmasının nəticəsi müsbət yönümlü olarsa, şirkəti 40 milyar dollar dəyərində cəza gözləyir.