Rusiyada süd məhsulları və uşaq qidalanması bazarının lideri və Rusiya və MDB-də alkoqolsuz içkilər bazarının aparıcı oyunçularından biri “Vimm-Bill-Dann” şirkətinin təsisçisi David Yakobaşvili ən təhlükəsiz anlıq mesajlaşma xidməti “Telegram”a 10 milyon dollar investisiya yatırıb.


Facemark.az xəbər verir ki, bu barədə RBK D.Yakobaşvilinin sözlərinə istinadən yazır.


“Ola bilsin ki, mən martda başlayacaq olan ICO “Telegram”da iştirak edəcəm. Hələki qərar qəbul edilməyib”.


O, bildirib ki, “Telegram” daim inkişaf edir, çox maraqlı kompaniyadır: “Onların komandası da çox yaxşıdır”, - deyə o, sözlərinə əlavə edib.


Yakobaşvilidən başqa, daha bir rus investoru, “QIWI” şirkətinin direktoru Sergey Solonin isə platformaya 17 milyon dollar investisiya edib. O, vəd edib ki, növbəti mərhələdə ICO-ya daha 10 milyon dollarlıq sərmayə qoyacaq.


Xatırladaq ki, 2017-ci ilin sonlarında “Telegram”ın planları sırasında blokçeyn layihəsinin reallaşdırılması və ICO-nun keçirilməsi var idi. Qeyd olunurdu ki, “Telegram Open Network” (TON) adı altında blokçeyn platforması yaradılacaq və “Gram” adlı kriptovalyuta buraxılacaq. “Pre-ICO nun gedişatında 500 milyon dollardan çox investisiyanın cəlb edilməsi planlaşdırılır. Ümumi sərmayənin həcmi isə 3 milyard dollardan 5 milyrad dollara qədər olacaq”, - deyə “TechCrunch” yazırdı.


Ekspertlər isə deyir ki, əgər “ICO Telegram” belə həcmdə olacaqsa, bu hazırda ən böyük kriptovalyuta satışı olacaq.


Daha əvvəl isə bildirilirdi ki, Rusiyalı biznesmenlər tərəfindən təkliflər həddindən çox olduğuna görə, ərizələrin qəbulu dayandırılmışdı. RBK mənbələrinə istinadən yazır ki, layihədə iştirak üçün minimum məbləğ 10 milyon dollardır.