Facebook qurucularından Dave Morin şirkətdən ayrıldıqdan sonra Napsterin qurucusu Shawn Fanning ilə yeni bir sosial şəbəkə qurdu. “Path” adlı sosial şəbəkə ilə Dave Morin, az bir vaxtda bütün dünyada tanınmağı bacardı. Hətta Morinin maddi vəziyyətinin aşağı olduğu dövrdə Google “Path” üçün 100 milyon dollar təklif etsə belə, Morin bu təklifin əvəzinə Kleiner Perkins fonundan 8.5 milyon dollar sərmayəni qəbul edərək, Google’un təklifindən imtina edib.


Hələlik adını çox eşitməsək də, 1 milyondan çox istifadəçisi olan, gələcəkdə daha da məşhurluq qazanacağını düşündüyüm, web interfeysi olmayan, yalnız iOS və Android platformalı mobil telefonlar üçün çalışan “Path” adlı sosial şəbəkə haqqında yazmaq qərarına gəldim. “Path”ı digərlərindən ayıran ən böyük özəlliyi tez-tez istifadə etdiyimiz mobil sosial şəbəkə tətbiqetmələrinin bir çox xüsusiyyətlərini özündə cəmləşdirməsidir.


“Path” çox sadə interfeysə malikdir. Siz “Path”la Instagram’da olduğu kimi şəkillər çəkib onları müxtəlif filterlərlə fərqli görüntülərdə yükləyə, statuslar yaza, olduğunuz yerdə dostlarınızı da əlavə edib check-in edə və yaxud da dinlədiyiniz musiqini qeyd edib dostlarınızla paylaşa bilərsiniz.


“Path”’da dostlarınızın etdiyi paylaşımlara şərhlər yazmaqla yanaşı xüsusi smayllarla münasibət bildirmək də mümkündür. Fərqli xüsusiyyətlərindən biri də, saat neçədə, hansı bölgədə yatıb və yuxudan oyandığınızı da dostlarınızla paylaşa bimənizdir.


Hazırda sosial şəbəkədə Azərbaycanlı istifadəçilər çox azlıq təşkil etsə də, zamanla bir çox servisi birlikdə istifadə etmək istəyi yarandıqca, “Path” da öz populyarlığını qazanacaqdır.


“Path” istifadəçiyə maksimum 150 dost əlavə etmək limiti verir. Bu barədə açıqlama verən qurucular, bildirirlər ki, “Path” digər sosial şəbəkələrdən fərqli olaraq yalnız ailə və yaxın dostlar arasında paylaşımlar etmək üçün düşünülüb. Bunu isə Oxford Universitetinin professoru Robin Dunbar’ın araşdırmasına əsasən müəyyən etdiklərini qeyd edirlər. Belə ki, bu araşdırmaların nəticəsində, bir insanın ortalama 5 yaxın dostu, 15 dostu və 50’yə yaxın tanışı və ailəsi ilə toplamda 150 şəxs ilə əlaqədə qala bildiyi görülüb. İronik bir vəziyyət olsa belə, “Path”ın üstün və maraqlı tərəfləri bu barədə düşünməməyə vadar edir.


Forbes’da oxuduğum bir məqalədə zamanla artıq web’in öldüyünü və mobil tətbiqetmələr dövrünün başladığını oxumuşdum. Bu səbəblə də “Path” gələcək vəd edir. ABŞ, San Fransiskoda, Silikon Vadisində yerləşən, hazırda 41.2 milyon dollar sərmayəsi, 25 əməkdaşı olan “Path”, sadə interfeysi ilə, yalnız mobil platformalar üzərindən işləməsinə baxmayaraq surətlə inkişaf edir.


Bunu da qeyd edim ki, comScore’un yayınladığı məlumata əsasən, ABŞ’da Facebook’un web interfeysində istifadəçinin keçirdiyi aylıq vaxt (391 dəq.), mobil tətbiqetmə və mobil saytda keçirdiyi vaxtdan (441 dəq.) aşağıdır. Zamanla mobil tətbiqetmələrdə keçirilən vaxt daha da artacaqdır. Smartfonların inkişafı və daha çox yayılması internetdə əsas diqqəti mobil tətbiqetmələrə tərəf yönəldəcəkdir. Ancaq bütün bunlara baxmayaraq, Facebook mobil versiyalarından hələlik heç bir reklam gəliri əldə edə bilmir.


Dave Morin’lə yazışmamızda “Path”da hər hansı reklam imkanlarının yaradılması haqqında hələlik düşünmədiklərini, prioritetin “Path”ın xüsusiyyətlərinin inkişafı və yeniliklər haqqında olduğunu bildirdi.




Proqramı yükləyib istifadə etmək istəyənlər üçün linklər


iOS:


http://itunes.apple.com/us/app/path/id403639508?mt=8



Android: https://play.google.com/store/apps/details?id=com.path