Cənubi Koreyanın Xüsusi Prokurorluğu Samsung Group-un rəhbəri və Samsung Electronic korparasiyasının vitse-prezidenti Lee Jae-yongun həbsi barədə order istəyib. O, prezidentin rəfiqəsinə çoxmilyonlu rüşvət verməsində ittiham olunur.
Ötən ay Cənubi Koreyada tarixdə ən böyük siyasi qalmaqallardan biri qopdu. Araşdırma nəticəsində, parlament ölkənin prezidenti Park Geun-hye-ə qarşı ittiham irəli sürdü. O, "yaxın insanlar"ın, xüsusilə, dini kultların təsiri altında ölkəni idarə etdiyi barədə şübhəli bilinir. İndi parlamentin qərarı Konstitusiya Məhkəməsi tərəfindən təsdiq və ya təkzib edilməlidir.
Keçən həftə müstəntiqlər çərşənbədən cümə gününə qədər, 22 saat boyunca Samsung Group korporasiyasının başçısını sorğu-sual ediblər. Onu "Samsung-un varis şahzadəsi" adlandırırlar - 2014-cü ildə onun atası Li Gonhi infarkt keçirdi və işlərdən uzaqlaşdı. Konsernin başçısının baş vermiş korrupsiya qalmaqalında iştirak etdiyi şübhəli bilinir.
Bu çərşənbə Lee Jae-Yong Seul məhkəməsinə gəlməlidir. Burada onun həbsi ilə bağlı yekun qərar veriləcək. O, ölkə rəhbərliyinə yüksək miqdarda rüşvət verməsində ittiham olunur.
Prokurorluğun müstəntiqləri bildiriblər ki, korporasiyanın liderinin həbsi Cənubi Koreyanın iqtisadiyyatı üçün hansı nəticələrə gətirib çıxara biləcəyini dərk edirlər. Samsung-un gəliri bütün ölkə iqtisadiyyatının 17%-ni təşkil edir. Lakin müstəntiqlər öz hərəkətlərində əmindirlər.
Güman edilir ki, Samsung korporasiyası saxta məsləhətçi xidmətlərin ödənişi üçün Choi Soon-silə (prezidentin yaxın rəfiqəsi) məxsus olan alman şirkətinin hesabına 2,8 milyon avro keçirib. Əslində isə pullar Choi Soon-silin qızının məşqlərinin ödənişinə gedib. Əvəzində isə, 2015-ci ildə hökumət Samsung C&T Corp. və Cheil Industries Inc. birləşməsi sazişini sürətləndirib - deyə prokurorluq iddia edir.