IMHO Vi şirkətinin baş direktoru İlya Alekseyev TVzavr.ru onlayn-kinoteatrın video reklam üzrə yekun konfransında bildirib ki, "2016-cı ilin birinci yarısında video reklam bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24% artaraq 2,6 milyard rubl təşkil edib".
2015-ci ildə Rusiyada video reklam bazarının ümumi həcmi 5,3 milyard rubl təşkil edib. IMHO Vi-nin proqnozlarına əsasən, bütün 2016-ci il üçün, Runetdə video reklam bazarı 18% artaraq, 6,3 milyard rubla çata bilər. IMHO Vi əsasən, 2017-ci ildə video reklamın sabit artım tempi davam edərək 15%-dən 20%-dək təşkil edəcək.
Video reklam bazarı banner reklamı kimi başqa növ media reklamların azalması fonunda artır. TVzavr onlayn-teatr artıq ikinci ildir ki, video reklamdan gələn gəlirlərin artım tempini nümayiş etdirir. “TVzavr-ın 2016-cı ilin birinci yarısında videoreklamdan gələn gəlirləri, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 30% artıb" – deyə TVzavr-ın kommersiya direktoru Varvara Davıdova bildirib. Davıdovanın proqnozuna görə, bu dinamika 2016-ci ilin ikinci yarısında da davam edəcək. 2015-ci ildə şirkət reklam gəlirlərinin 2 dəfə artımını göstərdi.
IMHO Vi nümayəndələri bildirib ki, 2016-ci ildə video reklamın TV büdcədən olan payı 5%-ə çata bilər. 2015-ci ildə büdcə payı 4% təşkil edib. Şirkətlər ötən il internet reklamın təşviqi üçün 97 milyard rubl xərcləyiblər. Bu 2014-ci il ilə müqayisədə 15% çoxdur. 2016-cı ilin birinci yarısında internetdə video reklamdan ən çox FMCG seqmentindən olan şirkətlər, ətriyyat, kosmetika və gigiyena məhsulları təklif edən şirkətlər – 20%, qida və içkilər təklif edən şirkətlər – 17% istifadə ediblər. Video reklama ən böyük büdcə sərf edən şirkətlər Procter & Gamble, Unilever, Mars, agentliklər arasında isə - VivaKi, ADV, Dentsu Aegis Network olmuşdur.
IMHO Vi proqnozlarına əsasən, 2017-ci ildə onlayn video seqmentində "Maliyyə", “Məişət texnikası və elektronika”, "Daşınmaz əmlak və tikinti" kateqoriyalı reklam verənlən yarana bilər.
Weborama data məhsullarının direktoru Dmitri Yeqorovun sözlərinə görə, 2016 ilin birinci yarısında Runet-də videoreklam bazarının artması, data-texnologiyaların istifadəsi, həmçinin, video reklamda yeni interaktiv formatların yaranması hesabına baş vermişdir. Belə ki, TVzavr konfransında Weborama şirkəti təkcə qeyri standart reklam kampaniyalarını deyil, həmçinin statistika toplanması üçün əlavə imkanlar təklif edən yeni texnologiyalar təqdim etmişdir.