Moskvalılar Rusiyanın tarixi şəxsiyyətlərinin 3D oxşarlarını “tutacaq” və hətta onlarla selfi çəkdirə biləcəklər.



mos.ru saytına görə, Moskvanın informasiya texnologiyalari departamenti Pokemon Go oyununun prinsipləri əsasında işləyən “Moskvanı Öyrən.Foto” adlı turizm xidməti hazırlayıb. Oyunun qəhramanları Viktor Çoy, Yuri Qaqarin, Aleksandr Puşkin, Pyotr Çaykovski, Mixail Lomonosov, Ivan Qroznı, I Pyotr, Napoleon Bonapart, Çar Aleksey Mixayloviç olacaq.



Pokemon Go-da olduğu kimi, burada da personajlar geonişan vasitəsilə göstərilir. İstifadəçi lazimi koordinatdan 50 metr radiusda olduqda o, virtual personajı smartfonun kamerası vasitəsi ilə fiksə edə bilər. Proqramın yeni versiyasında virtual personajı 360 dərəcə fırlatmaq, yaxınlaşdırmaq, silmək və hətta onunla selfi çəkdirmək mümkün olacaq.



“Biz rəqəmsal oxşarların dəqiq yerini gizlətmişik. Onları menyudakı kompasla hərəkət edərək tapmaq olacaq. Gələcəkdə biz asanlıqla personajları onların taleyləri ilə bağlı olan ünvanlara “qeydiyyata” salaraq, bu və ya digər personajı axtarışa verə bilərik.” – departamentdən bildirilib.



Meriyada hesab edirlər ki, proqramın köməyi ilə şəhər sakinləri daha çox gəzməyə və paytaxtın tarixi irsini daha fəal öyrənməyə başlayacaqlar.



Proqramı Google Play və AppStore-dan avqustun sonlarından etibarən yükləmək mümkün olacaq.