Prisma tətbiqi AppStore-da 11 iyunda yayıldı və artıq 15 iyunda Rusiyada AppStore topuna daxil oldu. App Annie analitik portalının məlumatına görə tətbiq son günlərdə 10 ölkədə (Rusiya, Belarus, Moldova, Estoniya, Qırğızıstan, Latviya, Qazaxıstan, Özbəkistan, Ukrayna və Ermənistan) ən çox yüklənən tətbiq olmuşdu. Hələlik tətbiq yalnız iPhone (Apple iOS əməliyyat sistemi) üçün nəzərdə tutulub, Android versiya isə yalnız iyulun əvvəlində olacaq.



Tətbiqin yaradıcısı Aleksey Moiseenkovun bildirdiyinə görə,” 9 gün ərzində proqramın yükləmə sayı 650 minə çatmışdır”. 21 iyuna isə 1 milyona çatacağı gözlənilir.



Müqayisə üçün: MSQRD və Instagram fototətbiqi buraxıldığı andan təxminən yarım ay sonra 500 min yükləməyə nail olmuşdur.



Prisma istifadəçiyə şəkili məşhur incəsənət əsərləri üslubunda (məsələn, Mark Şaqal və ya Van Qoq rəsm üslubunda) və ya sadəcə məşhur rəsm stilində emal etməyə imkan verən 20 filtr təqdim edir. Rəqib servislərdən fərqli olaraq, Prisma neyron şəbəkə texnologiyalarından istifadə edir: proqram filtiri şəkilin üzərinə qoymur, şəkili istifadəçinin istədiyi stildə “yenidən” çəkir. Şəkil yenidən yaradıldığı üçün proses buludda baş verir və emal prosesi bir neçə saniyə çəkir.