"TrendForce" tədqiqat şirkəti dünyada smartfon istehsal edən aparıcı şirkətləri müəyyən edib. Üçüncü rübün nəticələrinə əsasən qlobal smartfon bazarında liderlik "Samsung" şirkətinə məxsusdur. Cənubi Koreya şirkəti bütün dünya üzrə smartfon satışına görə 24,6 faizə sahibdir. İkinci yerdə "Apple" şirkəti gəlir. ABŞ şirkəti qlobal bazarın 13,7 faizinə malikdir. Bu siyahıda üçüncü yeri bu ilin ikinci və üçüncü rübündə Çinin "Huawei" şirkəti tutur.
Şirkət bazarın 8,4 faizinə sahib olaraq həmyerlisi və qlobal bazarın 5,7 faizinə malik "Xiaomi" şirkətini geridə qoyub. Halbuki "Xiaomi" şirkəti bu ilin birinci rübündə liderlik edirdi. Bu siyahının beşinci yerində isə qlobal bazarın 5,7 faizinə sahib olan "Lenovo" şirkəti gedir. Çin statistikasına gəldikdə, verilən məlumata görə, bu ilin üçüncü rübündə 150 milyon ədəd smartfon satışa çıxarılıb. Bunlardan 18,7 faizi "Huawei"nin, 12,7 faizi "Xiaomi", 12,7 faiz "Lenovo", 10,4 faizi TCL, 8,7 faizi isə OPPO şirkətlərinin payına düşür.