Dünyadakı fərdi kompüterlərin 85%-ində istifadə edilən əməliyyat sistemi olan "Windows"un yaradıcısı, proqram nəhəngi "Microsoft" ilin ilk rübündə 5 milyard dollar mənfəət açıqlayıb. Şirkətin mənfəəti əvvəlki rüblə müqayisədə 9 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 12 faiz geriləyib. Analitiklər bir səhmə 51 sent mənfəət gözlədikləri halda, Microsoft 61 sent mənfəət açıqlayıb. "Microsoft"un İcraçı Direktoru Satya Nadella, dollarların güclənməsinin şirkətin gəlirliliyinə mənfi təsir etdiyi qeyd edib.
Nadella, ötən il satın alınan "Nokia"nın yenidən qurulması üçün 190 milyon dollar xərcləndiyini söyləyib. Şirkətin Bulud informasiya xidmətlərindən əldə etdiyi gəlir iki dəfə artaraq 1.5 milyard dolara çatıb. PC satışlarının aşağı düşməsi səbəbindən şirkətin lisenziyalı proqram satışından gəlirləri 25% geriləyərək 3.5 milyard dollara enib. Microsoft-un ümumi dövriyyəsi isə ilk rübdə 6 faiz artımla 21.7 milyard dollara yüksəlib. Analitiklər kompüter satışlarının aşağı düşməsi səbəbindən "Microsoft"un il sonunda mənfəətinin azalacağını gözləyirlər.