Qlobal çip böhranı ilə bağlı bədbin proqnozlardan sonra ilk dəfə ümidverici açıqlama gəldi.
Təxminən bir həftə əvvəl “Computex 2021” virtual tədbirində çıxış edən “Intel” CEO-su Pat Gelsinger mövcud qlobal çip çatışmazlığının illərlə davam edəcəyini, çip sənayesi üçün olduqca acınacaqlı gələcəyin bizi gözlədiyini bildirib. Facemark xəbər verir ki, çip istehsalının çatışmazlığı geniş yayılsa da, Gelsingerin proqnozu hamı tərəfindən qəbul olunmur. "Goldman Sachs"ın Asiya ölkələri üzrə baş iqtisadçısı Andrew Tilton yaşadığımız periodun "ən pis dövr" olduğuna inanır və ilin ikinci yarısında işlərin yaxşılaşacağını söyləyir.
Gelsinger çıxışında COVID-19 pandemiyası dövründə evdən işləmək və məsafədən təhsilə kütləvi keçid səbəbiylə ağıllı telefonlarda, noutbuklarda və bu kimi texnoloji məhsulların tədarük vəziyyətinin ağırlaşdığını qeyd edib.
Tilton isə tədarük böhranının ağırlığını qəbul etsə də, Yaponiya, Tayvan, Cənubi Koreya kimi Asiya ölkələrində tədarük zəncirlərində sıxlaşma olduğunu və TSMC kimi bir çox çip istehsalçılarının işlərini sürətləndirməyə hazır olduqlarını bildirib.
Hələ də epidemiya xaricindəki problemlər son zamanlarda ortaya çıxmağa başladığı üçün Andrew Tilton ehtiyatı əldən verməməyi məsləhət görür. Məsələn hazırda Tayvan uzun illərin ən ciddi böhranlarından biri ilə qarşı-qarşıyadır.