Samsung reklam kampaniyasında yeni smartfon məhsulunu iPhone 12 Pro Max ilə müqayisə edib. Galaxy S21 Ultra-nın üstünlüklərinin vurğulandığı bir neçə video YouTube-a yüklənib.
Facemark.az xəbər verir ki, reklam çarxlarının əsas şüarı budur: “Your phone upgrade shouldn’t be a downgrade” - “Telefonunuzun yeniliyi geriləmək olmasın”.
İlk videoda Samsung 108 meqapikselli kamerasının nələrə qadir olduğunu göstərir: hamburqer kadrını yaxınlaşdıranda iPhone kamerası bulanıqlaşsa da, Samsung kəskin və aydın görüntüsü ilə seçilməyə davam edir.
İkinci videoda şirkət 100x rəqəmsal böyütmə (zoom) funksiyası ilə 12x iPhone 12 Pro Max böyütmə funksiyasını yarışdırır. Telefonlar Ayın yaxın kadrını çəkirlər. Kadr yaxınlaşdırqa Samsungun 100x hibrid böyütməsi Yerin peykini bütün detalları ilə kadra həkk etməyi bacarır. iPhone-la çəkilən şəkildə isə obyekt yalnız 12 dəfə yaxınlaşıb. Video bu fraza ilə bitir: "Close enough? (Detailed enough)" (“Bu yaxınlıq kifayətdir? (Kifayət qədər detallıdır)”.
Şirkət Amerika televiziyalarında və internetdə qısa tanıtım videoları yayımlamağı planlaşdırır.
Samsung reklamlarında, əsasən, Apple-ın çatışmazlıqlarını gündəmə gətirir. Şirkət keçən ilin payız aylarında Apple-ın 5G ilə bağlı reklamlarının gecikməsi haqqında zarafatlar etdi. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Apple məhsullarının zəifliyi Samsung-un gözündən qaçmayıb. Belə ki, həmin ildə paylaşılan reklam çarxında Samsung yenə Apple-a söz atırdı.
