VKontakte (VK) bu yaxınlarda istifadəyə verilən, TikTok-un analoqu, “Kliplər” xidmətinə 1 milyard rubl (təxminən 15 milyon dollar-red.) investisiya yatıracaq.
Facemark.az-ın məlumatına görə, bu haqda Sostav nəşrinə sosial platformanın nümayəndəsi deyib.
Nümayəndə bildirib ki, şirkət bu pulları Kliplər xidmətinin inkişafına, müəllif videolarının hazırlanmasına, tərəfdaşlar ilə birlikdə unikal məzmunun yaradılmasına, həmçinin məzmun yaradanlar üçün pul qazanma proqramına xərcləməyi planlaşdırırlar.
Sosial şəbəkənin nümayəndəsi vəd edir ki, proqramın şərtləri bazarda ən yaxşıları arasında olacaq. Büdcənin bir hissəsi isə marketinq xərclərinə ayrılacaq. VKontakte ona görə bu yeni platformanın inkişafını təbliğ edəcək ki, istifadəçilər öz videolarını yaratsınlar və Kliplərə baxaraq daha yaxşı vaxt keçirsinlər. Hazırda sosial platforma video məzmun yaradıcıları, film studiyaları və prodakşn və telekanallar ilə müzakirə aparır. Ancaq sosial şəbəkə konkret ad və şirkət adı çəkmir. VK-da bildirdilər ki, istifadəçilərə yalnız Kliplər-də göstəriləcək premyeralara giriş imkanı vermək üçün istehsalçılarla eksklüziv müqavilələr bağlamağı planlaşdırırlar.
VK-da strategiya və biznesin inkişafı üzrə baş direktorun müavini Aleksandr Kruqlov isə deyir ki, “Video məzmunun getdikcə daha populyar olacağına əminik, bu səbəbdən adıçəkilən istiqamət üzrə lider olmağa çalışırıq. Ona görə də, səs gətirəcəyinə inandığımız VK-nın bu yeni layihəsinə investisiya yatırmağa qərara gəldik. İnanırıq ki, Kliplər yaxın zamanda istifadəçilərin ən sevimli platformalarından birinə çevriləcək”.
Xatırlatmaq yerinə düşər ki, VK Kliplər xidmətini bir həftə əvvəl işə salıb. İstifadəçilər 1 dəqiqədən çox olmayan videolar paylaşa və jestlərin köməyi ilə onu idarə edə bilərlər. Birinci gün Klip-lərdə baxış sayı 110 milyon olub. Yeni xidmətin işə salınması haqqında danışıqlar hələ martdan məlum idi. Platformanın yaradıcı komandası isə deyirdi ki, onlar yeni xidmətin yaradılmasında TikTok-dan ilhamlanıblar.