Koronavirus pandemiyasından dolayı keçmiş ilə müqayisədə daha geniş kütlələrin tanış olduğu və tətbiq etdiyi məsafəli çalışma modeli barəsində Facebook şirkətinin CEO-su Mark Zukerberqdən vacib açıqlama gəlib. O, deyib ki, Facebook işçilərinin yarısı 5-10 ildə daimi məsafəli çalışma modelinə keçə bilər. Twitter CEO-su Cek Dorsi karantinadan sonra Twitter işçilərinin daimi məsafəli çalışacaqlarını demişdi. 2 həftədən sonra isə mövzu ilə bağlı dəyərləndirmə edən Mark Zukerberq isə çalışanlarının yarısının məsafəli çalışma modelinə keçməsini bir hədəfdən daha çox təxmin olaraq izah edib.
Məsafəli çalışmağın açıq faydaları var
O, Facebook üzərindən açıqlamasında deyib ki, belə modeli ən sürətli şəkildə öyrənən şirkətlərdən biridirlər və özlərini inkişaf etdirmək üçün bu istiqamətdə çalışmaları lazımdır. Məsafəli çalışmam modelinin genişləndirilməsi fikrini, həm çalışanların tələblərinin qarşılanması, həm də daha geniş miqyaslı iqtisadi rifah yaratmasına fayda verməsi baxımından dəyərləndirib.
“Uzaqdan çalışma, böyük şəhərlərdəki ənənəvi texnoloji mərkəzlər xaricindəki istedadlara əlimizin çatmasına kömək ola bilər. Bununla iqtisadi fürsətlər daha böyük şəhərlər xaricindəki yerlərə yayıla bilər və beləliklə daha inklüziv şirkət ola bilərik”. Bir çox insanın ofis xaricində özlərini daha məhsuldar hiss etdiklərini və daha yaxşı xidmət vermək üçün bu reallıqdan faydalana biləcəklərini deyən Zukerberq, belə məhsuldarlıqla üzərində çalışdıqları texnologiyaları daha tez yarada biləcəklərinə kömək olacağı fikrindədir.
Çalışanların 40%-i məsafəli çalışmanın daimi olmasını istəyir
Zukerberq Facebook işçilərinin məsafəli çalışma modeli haqqında düşüncələrini də paylaşıb. Belə ki, Facebook əməkdaşlarının yarısıdan çoxu evlərində də ən az ofisdəki qədər məhsuldar olduqlarını deyir. Çalışanların 40%-i daimi uzaqdan çalışma modelinə pozitiv yanaşırlar, 50%-dən çoxu isə mümkün olan ən qısa vaxtda ofisə geri qayıtmaq niyyətindədirlər. Məsafəli çalışma modelinə pozitiv baxanların 75%-i başqa bir yerə köçə biləcəklərini deyir. Daşınma ehtimalını dəyərləndirənlərin 38%-i daha böyük şəhərlərdə, qalanı isə başqa bir yerlərdə yaşayacaqlarını deyir.
Ancaq Zukerberqə görə, mənzərə heç də o qədər pozitiv deyil. Uşağı olan çalışanların qarşılaşacağı çətinliklər, çalışanların arasında sosial bağların, xüsusilə işə yeni başlayanlar baxımından zəifləməsi ehtimalı, bir araya gəlmədikləri müddətdə insanların yaradıcılıqlarında yaşanan enmə kimi narahatlıqları mövcuddur.