İnternet nəhəngi “Google” Londonda yeni üslublu mənzil-qərargahını təqdim edib. Kovent-Qardendə 160 000 kv. m.-lik sahəni əhatə edən ofisdə əməkdaşlar üçün yaradılmış iş şəraiti qeyri-adiliyi ilə fərqlənir. Belə ki, yeni ofisdə rəqs studiyası, trenajor zalı, massaj kabineti, qış bağı və çoxsaylı “istirahət otaqlar”ı da yaradılıb. Bundan əlavə, şirkət personalın əkib-becərmə işləri ilə məşğul olması üçün torpaq sahəsi də ayırıb ki, burada əməkdaşlar istədikləri məhsul növünü becərə bilərlər. Hətta velosiped sürmək üçün lazımi yerlər də ayrılıb.
Otaqların daxili interyerinin dizaynerlərinə unikal iş məkanını yaratmaq üçün tam sərbəstlik verilib. Nəticədə müxtəlif rəng çalarlarının vəhdətinin üstünlük təşkil etdiyi qeyri-adi dizayna malik ofis otaqları yaradılıb. Güllü divar kağızları, yumşaq divarlar, parlaq rəngli mebellərlə bəzədilmiş ofis zonaları, danışıqlar aparmaq üçün nəzərdə tutulmuş otaqlar, konfrans-zalları daha çox realiti-şounun otaqlarına bənzəyir.
Maraqlıdır, görəsən, şirkət əməkdaşları belə bir şəraitdə görəcəkləri işlərin səmərəliliyinə zəmanət verə biləcəklərmi?




