Qısa videoların mübadiləsi xidməti TikTok 16 yaşdan kiçik olan istifadəçilərə şəxsi mesajlara girişi bağlayır.
Aprelin 30-dan etibarən gənc tiktokçular platformada nə mesaj göndərə, nə də ala biləcəklər.
Facemark.az-ın məlumatına görə, daha əvvəl isə platforma 13 yaşından aşağı olanlara platformada qeydiyyatdan keçməyə icazə vermirdi. Həmçinin onlar valideynlərin icazəsi olmadan influencerlərə virtual hədiyyələr də göndərə bilmirdilər.
BBC tərəfindən rəyi soruşulan ekspertlər isə deyirlər ki, əlavə verifikasiya olmadan belə ölçü işə yaramayacaq. Çünki uşaqlar platformadan qeydiyyatdan keçən zaman sadəcə münasib yaşı qeyd edəcəklər.
Analoji ölçüləri Facebook şirkəti də daxil olmaqla, digər internet-şirkətləri də qəbul edib. Təhlükəsiz mühit anlayışı, çoxsaylı qalmaqallar və tənzimləyicilərin araşdırmalarından sonra aktuallaşıb. Belə ki, keçən il BBC-nin jurnalistləri yeniyetmə və uşaqların çəkdiyi videolarda çoxsaylı seksual xarakterli şərhlər aşkar etmişdilər.
TikTok üçün isə auditoriyasının çoxluğunu nəzərə alaraq belə bir qadağaya getməsi isə cəsarətli bir addımdır. Platformanın təqdim etdiyi rəqəmlərə baxsaq görərik ki, onun auditoriyasının 27%-ni, 13-17 yaş arası gənclər və yeniyetmələr təşkil edir.
Mediascope-nin məlumatına görə isə TikTok mobil internetdə uşaq auditoriyası arasında TOP-15 resursa daxildir.