“Facebook” messengeri,”Instagram” və “WhatsApp” bir ekosistemdən idarə olunacaq. Bu hadisə yaxın 1,5 ildə baş verə bilər.
Facemark.az-ın məlumatına görə, bu haqda The New York Times (NYT) bazardakı mənbələrdən birinə istinadən yazıb.
Vahid platformanın yaradılması baza səviyyəsində üç sisteminin işinin unifikasiyasını nəzərdə tutur. Dəyişiklik nəticəsində, mesajı bir tətbiqdən digərlərinə də göndərmək mümkün olacaq. Yəni, platformalardan birinin istifadəçisi hər üç sistem üzərində dostları ilə həmsöhbət ola biləcək. Qısası yenilik hesabına mesaj istifadəçinin həmin platformalarda hesabı olmasa da belə bir tətbiqdən digərlərinə göndəriləcək.
“WhatsApp” istifadəçisi eyni mesajı “Instagram”da da göndərə biləcək. Hətta sonuncunun “WhatsApp” hesabı olmasa belə bu baş verəcək. Yazışmalar “ucdan uca” şifrələnmə (ing. end-to-end encryption) ilə qorunacaq. Mənbənin dediyinə görə, “Facebook” isə hesab edir ki, istifadəçiləri eyni anda 3 ekosistemdə birləşdirmək məlumatların məxfiliyinin artırılmasına kömək ola bilər. Eyni zamanda, şirkət əlavə edir ki, yenilik reklamın satılmasını daha uğurlu edə bilər.
Şirkət nümayəndəsi NYT-yə deyib ki, onlar yazışmada sadələşdirilmənin artırılması üzərində işləyirlər. Bildirib ki, bu istifadəçilərə sosial şəbəkə üzərindən dostlar və ailə ilə infomasiya mübadiləsinin asanlaşmasına xidmət edəcək.
Qeyd edək ki, “Facebook” şirkəti ”Instagram” və “WhatsApp”ı alan zaman bildirmişdi ki, onlar bu platformaların müstəqilliyinə mane olmayacaq. Ancaq şirkət rəhbərliyi çox keçmir ki, planlarını yenidən gözdən keçirir. Belə ki, Mark Zuckerberg inanır ki, bu platformaların sıx inteqrasiyası ümumilikdə “Facebook”un bütün aktivlərinə fayda gətirəcək.