Avqustun əvvəlində “Apple” texnologiya tarixinin1 trilyon dollarlıq şirkəti olmuşdu. Belə ki, şirkətin bazar dəyəri 1 trilyon dollara çatmışdı. O, əzəli rəqibləri; “Google”, “Amazon” və “Microsoft”u beləcə qabaqlamağa nail olmuşdu.


Facemark.az-ın məlumatına görə, sentyabrda şirkət yeni “iPhone”larını bazara təqdim edib. Amma şirkətin gözlənilən satış rəqəmlərinə çatmaması səhmlərinin qiymətini aşağı salıb. Əslində bu bazar üçün heç də sürpriz olmayıb.


Belə vəziyyətdə digər bir texnologiya nəhəngi “Microsoft” 753 milyard dollarlıq bazar dəyəri ilə “Apple”ı qabaqlayıb. Qeyd edək ki, şirkətin cari ildə təqdim etdiyi yeni “iPhone”ları “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone XR” modelləri sadiq müştərilərinin belə gözləmədiyi qiymət siyasəti ilə satışa çıxarılmışdı.


Gözlənilirdi ki, müştərilər üçün daha münasib qiymətlə “iPhone XR” görmək mümkün olacaq. Amma adıçəkilən modelin Amerikada belə qiymətləri 749 dollardan başlayır. Nəticədə “iPhone” satış qrafikində azalma müşahidə edilib.


Belə bir vəziyyətlə qarşılaşan “Apple” istehsalı azaltmaq haqqında qərar qəbul etməli olub. Eyni zamanda iqtisadi tənəzzül dalğası, ABŞ-Çin arasındakı gərginlik, “Apple”ın satışlarına təsir edən səbəblər olub. Xatırladaq ki, ekspertlərin proqnozlarına görə, qarşıdakı aylarda “Microsoft”un bazar dəyəri 1 trilyon dollar olacaq.