Marketinq zamanın tələbinə uyğun olaraq inkişaf edir. Əminliklə deyə bilərik ki, dünya rəqəmsal aləmə doğru sürətlə addımlayır. Müasir dövrümüzdə ağıllı telefonların, kompüterlərin, elektron kitab və digər elektron cihazların rolu gündən-günə artır. Bir vaxtlar insanlar qəzet və jurnalları, TV və radioları daha çox izləyirdilərsə, müasir günümüzdə sosial media platformaları daha çox maraq kəsb edir.


“Internet World Stats”dan əldə etdiyim göstəriciyə,əsasən ölkəmizdə internet istifadəçilərinin sayı 7 milyondan çoxdur. Bəzi hesabatlarda sosial media istifadəçilərinin sayı 2,7 milyon göstərilir. Bu göstəricilərəəsasən deyə bilərik ki, Azərbaycanda internet və sosial mediadan istifadə artmaqdadır, bu isə öz növbəsində rəqəmsal marketinqin genişlənməsi və inkişafına stimul verir.


Rəqəmsal marketinq TV, radio, qəzet kimi ənənəvi mediadan kənarda, məhsul və xidmətlərinizi tanıtmaq məqsədi ilə internet, mobil platformalardan istifadə edir.


Qeyd edim ki, TV, radio, qəzet kimi ənənəvi marketinq kanallarını rəqəmsal marketinqə aid etmək olmaz. Razılaşaq ki, bu vasitələr uzun müddət uğurlu olmuşdur lakin rəqəmsal dünyada bütün bu ənənəvi marketinq vasitələri öz təsirini itirmişdir.


Rəqəmsal marketinqəənənəvi marketinqin müasir hissəsi yaxud gələcək forması deyə bilərik. İnternet və mobil cihazların geniş istifadəsi dövründə yaşadığımız üçün cavan nəsil rəqəmsal marketinqi ənənəvi marketinqdən daha keyfiyyətli və münasib hesab edir. İnternet saytları, bloq yazıları, elektron kitablar, infoqrafikalar, sosial media platformaları, e-mail marketinqi, mobil marketinq və digər fəaliyyət istiqamətlərini rəqəmsal marketinqin əsas formalarına aid edə bilərik.


Rəqəmsal marketinqin bir çox üstünlüyü var. Məsələn, yerli və qlobal şirkətlər öz müştərilərinin məhsul və xidmətlərinə olan reaksiyasını rahatlıqla izləyə bilir, düzgün nəticəni tez bir zamanda görür. Bununla belə yerləşdirdiyiniz reklamın nə qədər uğurlu olub-olmadığını analiz edə bilərsiniz.


Rəqəmsal marketinqin verdiyi imkanlar çoxdur və onlar hər gün təkmilləşir və inkişaf edir. Günümüzdə sosial media platformalarına marketoloqları sevindirən və işlərini asanlaşdıran funksiyalar əlavə olunur.


“Axtarış mühərriki optimizasiyası” (SEO), “axtarış mühərriki marketinqi” (SEM), kontent və influencer marketinq, e-ticarət marketinqi, elektron kitablar, “sosial media marketinqi” (SMM) rəqəmsal marketinqin əsas fəaliyyət istiqamətlərindəndir.


SEO və SEM məhsul və xidmətləriniz ilə bağlı edilən axtarışlarda ən çox hansı sözlərin və birləşmələrin işlədildiyini müəyyənləşdirib, bu axtarışlarda veb saytınızın ən ön sıralara çıxarılması xidmətidir. SEO ilə saytınızın axtarış sistemlərində tapılmasını ödənişsiz olaraq təmin edə bilərsiniz. SEM xidmətini seçən şirkətlər nəticəni tez bir zamanda əldə edir və “Pay Per Click” (PPC) xidməti ilə reklamverən yalnız reklam üzərinə giriş olunduqdan sonra ödəniş etməklə ilk sıralarda tapıla bilər.SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEO ümumi məhsula yönəlir, SEM isə ümumi məhsulla bərabər konkret kampaniyaya yönələ bilər.


Rəqəmsal marketinqdən yazarkən Sosial Media Marketinqi (SMM) haqqında da bir neçə cümlə yazmaq vacibdir. Çünki rəqəmsal marketinq günümüzdə necə vacib bir sahədirsə, SMM də həmçinin rəqəmsal marketinqdə vacib bir anlayış, mühüm bir xidmətdir. Rəqəmsal marketinq və sosial media marketinqi bir-birinə çox bağlıdır.İnsanların sosial şəbəkələrdə daha çox vaxt keçirdiyini nəzərə alan şirkətlər öz məhsul və xidmətlərini sosial media üzərindən tanıtmağa, reklam etməyə maraqlıdır.


Rəqəmsal marketinq ənənəvi marketinqin internet üzərindən təşkili formasıdır. Şirkətlər vaxtına, puluna qənaət etmək, yeni yaranmış startap, biznes layihələrini inkişaf etdirmək, marketinq strategiyasını həyata keçirmək üçün rəqəmsal marketinqin verdiyi imkanlardan istifadə edirlər. Bu daha effektiv və səmərəli hesab olunur.


Hazırda bir çox şirkətlər büdcələrinin bir qismini rəqəmsal marketinq üçün xərcləyir. Rəqəmsal marketinqin bir üstünlüyü də ondan ibarətdir ki, ənənəvi marketinqlə müqayisədə qat-qat daha az vəsait xərcləməklə daha çox auditoriya qazanmaq mümkündür.