Qlobal internet televiziya şəbəkəsi “Netflix”in dünya miqyasında abunəçilərinin sayı 130 milyonu keçib. Buna görə, şirkətin ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrünə görə 40,7% artım göstərib və 3,91 milyard dollara çatıb. Firmanın ötən ilin aprel-iyun ayında gəliri isə 2,78 milyard dollar səviyyəsində qeydə alınıb.
Facemark.az xəbər verir ki, kompaniyanın xalis mənfəəti ötən ilin ikinci rübündə 65,6 milyon dollar olub.
Bu ilin eyni dövründə isə 384 milyon dollara yüksəlib. Şirkətin səhm üzrə mənfəəti isə eyni dövrdə 0,15 dollardan 1,5 dollara çatıb.
ABŞ-da “Netflix” abunəçilərinin sayı 72,7 milyonu ötüb
İlin ikinci rübünün sonunda “Netflix”in dünya miqyasında ümumi abunəçilərinin sayı 130,1 milyonu keçib. “Netflix”in abunəçi sayı ABŞ-da 72,7 milyon, digər ölkələrdə 57,4 milyon olub, ancaq cari ilin ilk rübü ilə bağlı hesabatında, “Netflix”in abunəçilərinin sayının 131 milyon olacağı planlaşdırılırdı. Toplam abunəçilərin sayında azalmanın olması “Netflix”in səhmlərinin dəyərini aşağı salıb. Günü 400,18 dollar ilə yekunlaşdıran “Netflix”in səhm üzrə dəyəri Nyu-York birjasının bağlanmasından sonra edilən məhdud əməliyyatlarda 14% dəyər itirərək 344,17 dollara qədər geriləyib.