2018-ci ilin birinci rübündə qlobal internet televiziya şəbəkəsi “Netflix”in gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 3,7 milyard dollara çatıb. Firmanın gəliri ötən ilin ilk 3 ayında isə 2,64 milyard dollar olub.
Facemark.az xəbər verir ki, bu barədə kompaniyanın cari ilin birinci rübünə aid olan hesabatında bildirilib.
Qlobal internet televiziyasının ilin birinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 63% artaraq 290 milyon dollara yüksəlib. 2017-ci ilin yanvar-mart aylarında isə şirkətin xalis mənfəəti 178 milyon dollar olub.
Firmanın gəlir və xalis mənfəətində artımın olduğunu təsdiqləyən hesabatından sonra, Nyu-York birjasının bağlanmasından ardınca səhm qiyməti 6,7% artaraq 328,60 dollara yüksəlib.
Cari ilin birinci rübündə dünya miqyasında qlobal internet televiziyasına abunə olanların sayı daha 7 milyon 410 min nəfər artıb. Adıçəkilən dövrdə yeni abunəçilərin 1 milyon 960 min nəfəri ABŞ, 5 milyon 460 mini isə digər ölkələr üzrə olub.
Beləliklə, “Netflix”in ümumi abunəçilərinin sayı ABŞ-da 56 milyon 710 minə, digər ölkələrdə isə 68 milyon 290 minə çatıb ki, bu da ümumilikdə 125 milyon abunəçi deməkdir.
Kompaniya, həmçinin proqnozlaşdırır ki, 2018-ci ilin ikinci rübünün sonunda ümumi abunəçilərinin sayı 131 milyon nəfərə çatacaq.