Akustik sistemlərin istehsalçısı “Sonos” “Facebook” və şirkətə daxil olan “Instagram”da reklam elanlarını silməyə başlayıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.


Sözsüz ki, şirkətin bu addımı son günlər şəbəkə ətrafında yaranan qalmaqallar ilə bağlıdır. Bazar ertəsindən başlayaraq şirkət “Facebook” da daxil olmaqla, “Twitter”, “Google”dan reklam elanlarını silməyə başlayıb.


Şirkət “Facebook”da yerləşdirdiyi reklam elanları üçün pullar əvəzinə, “Acces Now” tərəfindən insan hüquqları üzrə konfransın dəstəyi üçün ianə cəlb etmək niyyətindədir.


“Biz hesab edirik ki, bütün insanlar onlar barəsində məlumatların necə yığılması və istifadə edilməsi haqqında bilmək hüququna malikdirlər. Biz də daxil olmaqla, texnologiya sektorundakı hər kəs onların informasiyalarının məxfiliyinin müdafiəsi öhdəliklərinə riayət etməlidirlər. İstifadəçilərin informasiyalarına görə isə biz böyük məsuliyyət daşıyırıq”, - deyə “Sonos”un açıqlamasında deyilir.


Qeyd edək ki, daha öncə “Mozilla Firefox” brauzerini hazırlayan “Mozilla” şirkəti məlumatların məxfiliyinə istinad edərək “Facebook”da reklam yerləşdirilməsini dayandırmışdı. “Mozilla”nın icraçı direktoru Daniel Dikson deyib ki, şirkət “Facebook”da yenidən reklam yerləşdirilməsi imkanlarına o zaman baxa bilər ki, üçünçü tərəf tətbiqləri üçün gizlilik parametrlərini gücləndirəcək. Diksonun dediyinə görə, platformada reklamın yerləşdirilməsinin dayandırılmasında əsas səbəb şübhəsiz ki, bu il baş verən “Cambridge Analytica” (CA) qalmaqalına görədir.


Xatırladaq ki, məşhur şəbəkə ətrafında qalmaqal “This is your digital life” mobil əlavəsini hazırlamış Kembric universitetinin proffessoru Aleksandr Koqanın günahı ucabatından başlayıb. Nəticədə şəbəkənin 50 milyon istifadəçisinin şəxsi məlumatlarından istifadə edilib.