E-ticarət nəhəngi “Amazon”un “Gələcəyin mağazası” adlanan “Amazon Go” bu gün fəaliyyətə başlayacaq.


Facemark.az xəbər verir ki, “Amazon Go”da alış-veriş etmək üçün “ağıllı” telefonunuza eyniadlı “Amazon Go” tətbiqini yükləməlisiniz. Kredit kartınızı da bu tətbiqə əlavə etmək lazımdır. “Barkode scan”dan sonra mağazada alış-veriş edə bilərsiniz.


Kamera və sensorlar ilə çalışan mağazada müştəri məhsulu səbətə atdıqdan sonra çıxıb gedə bilər. Qəbz isə müştərinin yüklədiyi tətbiqə yönləndirilir.



Əgər müştəri məhsulu səbətə atdıqdan sonra, fikiriniz dəyişib onu almaq istəməsə bu halda, müştəri məhsulu rəfə qoyduqdan sonra, ödənilən məbləğ alıcının “cib”inə geri qayıdır. Alıcı sonrakı mərhələdə alış-verişinə davam edə bilər.


Mağazada işçilərin olub-olmaması məsələsinə gəldikdə isə, “Amazon Go”nun yalnız alkoqollu içkilər satılan bölməsində bir nəfər şəxsiyyət vəsiqəsinə baxır. Belə ki, ABŞ-da 21 yaşdan kiçik olanlara alkoqollu içkilərin satışı qadağandır.



Qeyd edək ki, “Amazon Go”da “Amazon”un keçən il 13,7 milyard dollara aldığı “Whole Foods” orqanik məhsulları ilə yanaşı, qida xaricində də məhsullar satılır.



Xatırladaq ki, hələ 2016-ci ildə “Amazon” yeni mağaza konseptini öz işçiləri ilə birlikdə test edirdi. Mağaza Vaşinqtonun əyalətinin Sietl şəhərində yerləşir. “Amazon Go” Bazar ertəsi-Cümə günləri saat 07:00-dan 21:00-dək açıq olacaq. Mağazanın sahəsi 167 kv metrdir.