“Bu forum ( II Bankçılıq Forumu - red.) bizim üçün əhəmiyyətli idi, çünki artıq iki ildir davam edən yeni mühitə adaptasiya prosesləri başa çatıb.


Azərbaycan post-neft iqtisadiyyatına keçidi demək olar ki, yekunlaşdırıb və iqtisadiyyat yeni formata uyğunlaşıb”.


Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.


O, bildirib ki, buna uyğun olaraq da bank sektorunda gedən proseslər, əsasən başa çatıb və artıq sektorda ilk zəif də olsa inkişaf meyilləri özünü göstərməyə başlayıb.


Sədr vurğulayıb ki, 2018-2020-ci illərdə bank sektorunun daha da intensiv şəkildə inkişafı nəzərə tutulub:


“Bu ilk olaraq bank sektorunda kapitalın bərpa edilməsidir. Bank sektorunda kadr potensialının artımı istiqamətində proseslərin getməsidir. Düşünürük ki, bərpa edilmiş kapital, bərpa edilmiş işçi bazası, kadr potensialı imkan verəcək ki, qarşıdakı dövrdə 2018-2020-ci illər ərzində sektoru daha da intensiv şəkildə inkişaf etdirə bilək. Təbii ki, bütün bunların həyata keçməsi üçün qanunverici bazanın davamlılığı və qanunverici bazanın təkmilləşdirilməsi olduqca zəruridir.


Bildiyiniz kimi qəbul edilmiş qərarların daha sürətli həyata keçirilməsi vacibdir. Forum zamanı biz bunların içərisində iki qanunu xüsusiilə qeyd etdik”.


Z.Nuriyev vurğulayıb ki, qəbul edilmiş iki qanunun icrasına başlanılması kredit faizlərini aşağı salacaq:


“Daşınan əmlakın yüklülüyü” haqqında qəbul edilmiş qanunun tətbiqini sürətləndirilməsi, digəri isə “Kredit zəmanəti fond”unun yaradılması və kredit zəmanət fondunun yaradılması ilə əlaqədar qaydaların elan edilməsi və onun tətbiqinə başlanılmasıdır.


Çünki, hər iki qanun birmənalı şəkildə bankların sahibkarlara verdiyi kreditlərin həcminin artmasına, faiz dərəcəsinin aşağı salınmasına, sahibkarlara veriləcək kreditlərin gələcəkdə də daha uzunmüddətli və aşağı faizli olmasını şərtləndirən amillərdəndir”.


O deyib ki, 2018-2019-cu illərdə daha sürətli kreditləşmə həyata keçiriləcək:


“Düşünürük ki, bu iki qanunun vaxtında sürətli və tam həcmdə tətbiqi imkan verəcək ki, 2018-2019-cu illərdə daha sürətli kreditləşməni həyata keçirək. Sahibkarlar ilə banklar arasında olan problemləri daha sürətli həll edə bilək”.