BBC xəbər verir ki, San Francisco Federal rayon məhkəməsi Volkswagen şirkətini dizel qalmaqalı çərçivəsində 14,7 milyard dollar kompensasiya ödəmək üçün qərarı təsdiqləyib.



Kompensasiya avtomobilində zərərli tullantı göstəricilərini azaldan proqram təminatı olan Volkswagen alıcılarına ödəniləcək. Hakim Çarles Breyer bu məsələ ilə bağlı yekun qərarın oktyabrın 18-də qəbul olunacağını bildirib.



Volkswagen Amerika istehlakçılarının iddiaları ilə və onlara kompensasiya ödəməklə məşğul olacaq 250-300 nəfəri ayırmağı planlaşdırır. Prosesə amerika bölməsinin - Volkswagen Group of America 40 cari əməkdaşı başçılıq edəcək – deyə şirkətin hüquqşünası məhkəmədə bildirib.



Ötən il ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) şirkəti istehlakçıları aldatmaqda ittiham edərək Volkswagen şirkətinə qarşı iddia qaldırıb.



Qeyd edilir ki, şirkət dizel avtomobillərinin reklamı zamanı onların ətraf mühitə əhəmiyyətli zərər vurmadığını iddia edərək istehlakçıları aldadıb.



Volkswagen ətrafındakı qalmaqal 2015 ilin sentyabrında baş vermişdir. Belə ki, ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) aşkar etmişdir ki, şirkət dizel mühərrikə malik avtomobillərdə yoxlamalar zamanı zərərli maddələrin tullantı göstəricilərini azaldan kompüter proqramları quraşdırıb. ABŞ hökuməti Volkswageni 2009-cu ildən 2015-ci ilədək ABŞ bazarına buraxılan təxminən yarım milyon avtomobili geri çağırmağa məcbur etdi.



Şirkətin öz məlumatına görə, test nəticələrinin saxtalaşdırılması bütün dünya üzrə dizel mühərrikinə malik 11 milyon avtomobilə toxunub.



Eyni adlı marka ilə yanaşı, alman avtomobil istehsalçısı Volkswagen-ə - Audi, Bentley, Bugatti, Lamborghini, Porsche, SEAT, Skoda, Ducati, MAN, Scania və Volkswagen Commercial kimi markalar da daxildir.