Microsoft dünyanın ən böyük professional sosial şəbəkəsi olan LinkedIn-i 26,2 milyard dollara alır. Bu barədə rəsmi məlumat şirkətin saytında dərc olunub. Müqaviləyə əsasən, Microsoft LinkedIn-nin hər bir səhiminə 196 dollar ödəyəcək. Razılaşma 2016-ci ildə bağlanacaq.



Qeyd olunur ki, sosial şəbəkə öz brendini və müstəqilliyini saxlayacaq, 2008-ci ildən baş direktor vəzifəsində çalışan Ceff Vayner isə şirkəti inkişaf etdirməyə davam edəcək.



“LinkedIn komandası dünyada professional cəmiyyətin birləşmə mərkəzi olan bir fantastik biznes yaratdı. Birlikdə biz, təkcə LinkedIn-nin deyil, həm də Microsoft Office 365 və Dynamics-ın inkişaf tempini sürətləndirə bilərik. Belə ki, bizim əsas məqsədimiz – planetimizdəki hər bir insanın və təşkilatın imkanlarını genişləndirməkdir.” – deyə Microsoft-un baş direktoru Satya Nadella bildirib.



LinkedIn sosial şəbəkəsi 2002-ci ilin dekabrında Reid Hoffman tərəfindən təsis edilmişdir. 2015-ci ilin sonunda, sosial şəbəkənin gəlirləri 35% artaraq 2.99 milyard dollara çatıb.