Google, Android-tətbiqetmələr üçün olan standart parollardan imtina edərək, istifadəçiləri davranış biometrik xüsusiyyətləri əsasında tanıyacaq avtorizasiya sisteminə keçmək niyyətindədir.
Trust API parolsuz sistemi Google-un keçən il I/O konfransında ilk dəfə elan etdiyi Abacus layihəsinin bir hissəsi olacaq. Onun hazırlanmasını Google ATAP tədqiqat bölməsi həyata keçirir.
Cihazın sahibini müəyyən etmək üçün, sistem, mətnlərin yığılma şablonları, üz və səslərin tanınması və istifadəçinin digər davranış xüsusiyyətlərini nəzərə alan “Trust Score”dan ("etibar balı") istifadə edəcək.
Bununla belə, proqramda olan məlumatların əhəmiyyətindən asılı olaraq, sistem giriş üçün müxtəlif Trust Score balı tələb edə bilər. Xüsusilə, ödəniş xidmətlərindəki inam səviyyəsi oyunlardakından daha yüksək olacaq.
Trust API-ın test edilməsi artıq iyundan başlanacaq. “Əgər sistemin testi uğurlu olarsa, məhsul bu ilin sonuna qədər bütün Androidlər üçün mövcud olacaq” - deyə Google Atap-ın rəhbəri Daniel Kaufman bildirib.