Bu mövzu sadəcə marketinq, reklam sahəsində olanlar üçün deyil, eyni zamanda bu sahədə olmayan insanlar üçün də maraq doğurur. Hər birimiz bəlkə də nə vaxtsa düşünmüşük, niyə bəzi şeylər daha çox paylaşılır görəsən? Niyə bəzi şeylər heç bir ödənişli reklam olmadan təbii şəkildə kütlələrə yayılır? Əgər məsələnin əsasını, insanları hərəkətə keçirən nüansları bilsək, uğurlu kontentlər yaratmaq məsələsində inkişaf edə bilərik.



İndi isə keçək məsələnin kökünə. Yəni insanları hərəkətə keçirən nədir? İlk öncə, bunu qeyd etmək lazımdır ki, paylaşma məsələsi sosial media olmadığı vaxtlarda da var idi. Hər birimizin qarşılaşdığı bir məsələ haqqında bir örnək versək, məsələni gözəl anlamaq olar. Misal üçün götürək məhəllədə qadınların qeybəti. Onlara diqqət etsəniz görəcəksiniz ki, onlar hər bir bilgini deyil, əsasən "lazımlı" və "maraqlı" mövzuları paylaşırlar. Onları motivasiya edən nüanslar bir az fərqlidir təbii ki. Amma gördüyümüz kimi, insanlar müəyyən məsələləri digərləri ilə yaymaq, paylaşmaq istəyirlər. Bu, bəşəriyyətin mövcudluğundan bəri davam edir. Məsələ ilə bağlı UCLA tərəfindən aparılmış araşdırmalar ən önəmli qaynaqlardan saya bilərik. UCLA araşdırmalarına görə, insanların paylaşacaqlarının özlərindən daha çox digərləri üçün faydalı, maraqlı olduğunu düşünmələri ən əsas faktordur. Yəni insanın nəyisə paylaşması üçün özü ilə birlikdə, digər insanların da həyəcanlanacağını, maraqlı gələcəyini hiss etməsi lazımdır.



New York Times araşdırmasına görə isə bu məsələdə 4 faktor əsas rol oynayır:


1. Emosional motivasiya


2. İnsanın özünü təqdim etmə formaları


3. İnsanın paylaşımın həyatına nəsə təsir edəcəyini düşünməsi


4. İnsanın sosial çevrəsində ilk paylaşan olaraq görünmək istəyi



NYT bu paylaşım motivasiyası orbitində ortaya çıxan paylaşımçı tiplərini də sıralayır:


Faydaçılar (Altruists) - Paylaşdıqlarının digərləri üçün faydalı olacağını düşünürlər. Əsasən informasiya xarakterli kontentlər paylaşırlar.


Kariyeristlər (Careerists) - Əsasən "network" üçün paylaşımlar edirlər. Əsas məqsədləri özlərini nümayiş etdirməkdir.


Hipsterlər - Yaratmağa çalışdıqları imiclə paralel paylaşımlar edirlər.


Bumeranqlar - Neqativ reaksiya almaq üçün paylaşımlar edirlər. Provokativ, kütlədən kənar görünməyə çalışırlar.


Ünsiyyətçilər (Connectors) - bu tiplər sosial medianı əsasən yaşadıqları pozitiv və neqativ hadisələri paylaşmaq üçün istifadə edirlər.


Seçicilər (Selectives) - Paylaşdıqları şeylərdə çox seçici olan, sadəcə məhdud bir kütlə üçün, onların bəyənəcəkələrini düşündüyü şeyləri paylaşırlar.



Daha ümumi perspektivdən baxdıqda isə əsas paylaşım motivasiyaları olaraq bunları qeyd etmək olar:


Xarakterin vurğulanması - insanın özü üçün doğru olduğunu düşündüyü xarakteristik özəlliklərə sahib olduğunu nümayiş etdirmək.


Əlaqələri gücləndirmək, bəsləmək - sosial paylaşımın ən əsas motivasiyalarından biridir. Klassik ifadə ilə desək, insanı sosiallaşmış heyvan olduğu həqiqəti burada da özünü göstərir. İnsan sahib olduğu əlaqələri gücləndirmək yeni əlaqələr qazanmaq üçün paylaşımlar edir.


Aidiyyat hissi - Əvvəlki 2 punktu özündə birləşdirir hardasa. İnsanın özünü içində gördüyü və ya görmək istədiyi emosiya və düşüncə ortaqlığına əsaslanan müəyyən qrupa özünü təsdiqlətməsi üçün, buna uyğun olduğunu düşündüyü şeyləri paylaşması vəziyyətidir.


Fayda vermək - Kontaktlarını onlara faydalı oalcağını düşündüyü şeydən xəbərdar etmək, faydalı olduğunu düşüdüyü şeyin daha çox görülməsini təmin etmək. Özündən çox digərlərinə faydalı olma düşüncəsi ön plandadır.


Maddi qazanc - Müxtəlif yarışlara qatılaraq müəyyən qazanclar əldə etmə.



Mövzu haqqında bəhs edərkən son günlər sosial mediada sürətlə yayılmış "Səndən 1 dənədir" kampaniyasını da unutmamaq lazımdır. Bilmirəm kampaniyanı düşünənlər paylaşma psixologiyasını araşdırmışdılar ya yox, amma hər halda çox uğurlu nəticə vemişdi. Kapital Bank komandasını və JİS-i təbrik etmək lazımdır.



Son olaraq mövzu ilə bağlı daha geniş məlumat almaq istəyənlər üçün bir neçə kitab məsləhət görmək olar.


1. The Tipping Point (Kıvılcım Anı) - Malcolm Gladwell


2. Contagious - Jonah Berger


3. Made to Stick - Dan Heath, Chip Heath