Youth Inc. Biznes İnkubasiya Mərkəzi öz biznesinə başlamaq istəyən və hazırda startapını inkişaf etdirən gənc sahibkarlar üçün layihələrin qəbulunu elan edir. Gənc sahibkarlar müraciət edərək biznes inkubatorun rezidentinə çevrilə və inkubatorun təklif etdiyi bir çox imkanlardan və xidmətlərdən yararlanmaq şansını əldə edə bilərlər. "Youth Inc." Biznes İnkubasiya Mərkəzi DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi), Azərbaycan Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Youth Inc." proqramı çərçivəsində yaradılıb.
Mərkəz Azərbaycan gəncləri üçün ilk açıq tipli müstəqil biznes inkubator olaraq 20 gənc sahibkarın eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş və şəhərin mərkəzində yerləşən ödənişsiz ofis məkanı, müvafiq texniki və ofis ləvazimatlarını, internetə çıxış və s. imkanlarını təklif edir. Gənclərə dəstək baza paketinə daxil olan iş mühiti və infrastruktur ilə yanaşı "Youth Inc." rezidentləri marketinq, satış, maliyyə, investisiya və digər sahələrdə mütəxəssis dəstəyi, təlim-tədris proqramı, biznes-şəbəkə və investorlara çıxış imkanından, həmçinin digər xidmətlərdən də yararlana biləcək.
"Youth Inc." Biznes İnkubasiya Mərkəzinin rezidenti olmaq üçün namizədlər bu linkə vasitəsilə www.youthinc.az/az/incubator-apply müraciət formasını doldurmalıdır. Müraciət formaları hər ayın 25-də "Youth Inc."in ekspertləri tərəfindən qiymətləndiriləcək və perspektivli biznes-ideyavə startapların müəllifləri ilkin müsahibəyə dəvət alacaqlar. Startapların istiqaməti üzrə heç bir məhdudiyyət qoyulmur. Müraciətlər 18-29 yaş arasında olan gənc sahibkarlar üçün açıqdır.
"Youth Inc." proqramının iştirakçısı, "gotrip.az" şirkətinin həmtəsisçisi Vüqar Cəfərzadə qeyd edib ki, onların komandası "Youth Inc." proqramı ilə 2 ilə yaxın tanışdır. Komandanın üzvləri proqramın bir sıra təlimlərinin iştirakçısı olub, həmçinin bu yaxınlarda açılışı olan "Youth Inc." Biznes İnkubasiya Mərkəzində yaradılmış şəraitlə də yaxından tanış olublar. Onlar inanırlar ki, Mərkəz uğurlu biznez ideyaların reallaşdığı məkana çevriləcək və gənc sahibkarlığın inkişafına lazımi imkan yaradacaq. V. Cəfərzadə özlərinə inanan və sahibkar olmağa hazırlaşan gənclərin Biznes İnkubator Mərkəzinə müraciət etməyə çağırıb.
Xatırladaq ki, "Youth Inc." Biznes İnkubasiya Mərkəzi Azərbaycanda gənc sahibkarlığın inkişafına dəstək olaraq gənclərə öz bizneslərini inkişaf etdirmələri üçün bir sıra imkanlar təklif edəcək və ideyalarını həyata keçirmək üçün əsas platformalardan biri olacaq. "Youth Inc." proqramı haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.
Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." gənclərin sahibkarlıq proqramı "Coca-Cola" şirkəti, Gənclər və İdman Nazirliyi və DVC arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir. "Coca-Cola"nın əsas vəzifələrindən biri də Azərbaycanda gənc sahibkarlığının potensialının təmin edilməsidir. "Youth Inc."ın fəaliyyət dövrü ərzində proqram məzunları 8 biznes layihə həyata keçirib, 5 minə yaxın gənc proqram çərçivəsindətəlim və seminarlarda iştirak edib. "Youth Inc." proqramı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində ölkədə gənc sahibkarlara dəstək istiqamətində həyata keçirilən ən uğurlu layihələrdən biridir.
"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.
DVC İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33 000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı "Youth Inc."in müəllifidir. Proqramın inkişafı çərçivəsində təşkilat AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Assosiasiyası) və NBİA (Milli Biznes-İnkubatorlar Assosiasiyası) tam hüquqlu üzvü olmuşdur.