Asus şirkəti PadFone hibrid qurğusu üçün sifarişlərin əvvəlcədən qəbuluna başlayıb. Aparat satışa aprelin 20-də çıxarılacaq və ilk vaxtlar yalnız Tayvan ərazisində satılacaq.  


PadFone smartfon və planşet kompüteri özündə birləşdirən hibrid qurğudur. Modelin korpusunun arxa tərəfində smartfonun yerləşdirilməsi üçün nəzərdə tutulmuş oyuq var. Planşet smartfon üçün birləşdirici stansiya (docking station – qurğunun yan və ya arxa panelindəki portla uyğunlaşdırılmış xüsusi çıxışı olan modul. Bu zaman portativ qurğu modulun üzərində yerləşdirilir) rolunu oynayır. Modul klaviaturaya qoşulduqda qurğu noutbuka çevrilir.
PadFone smartfonu 1,5 giqahers takt tezlikli ikinüvəli Snapdragon S4 prosessorundan istifadə edir və 4,3 düym AMOLED ekranla təchiz edilib, planşetin displeyinin diaqonalı isə 10,1 düym təşkil edir.
ABŞ-da smartfonun qiyməti 610 dollara yaxın olacaq. Planşet şəklində olan birləşdirici stansiya və Bluetooth qarnituralı stilusla təchiz edilən aparatın qiyməti artıq 850 dollar təşkil edəcək. Smartfon, planşet, stilus və klaviatura modulu dəsti alıcıya 980 dollara başa gələcək.