IDC analitik şirkətinin hesabatına əsasən, Apple şirkəti 2011-ci ilin dördüncü rübünün yekunları üzrə mobil telefonların aparıcı istehsalçıları arasında üçüncü yeri tutub. Analitiklər belə uğurun qazanılmasına əsas səbəb kimi ötən ilin oktyabrında təqdim edilən iPhone smartfonunun sonuncu versiyası 4S modelini qeyd edirlər. 2010-cu ilin analoji dövrü ilə müqayisədə Apple smartfonlarının satışı 128 faiz artıb.
Lider isə bazara 113,5 milyon mobil telefon tədarük edən Finlandiyanın Nokia şirkəti olub. Analitiklər Samsung şirkətini ikinci yerə layiq görüblər. Cənubi Koreya istehsalçısı dünya bazarına 97,6 milyon mobil telefon təchiz edib. Apple dördüncü rübdə 37 milyon qurğu tədarük edərək bazarın 8,7 faizinə sahib çıxıb. Onu da qeyd etmək lazımdır ki, yalnız bir model - iPhone satan Apple-dan fərqli olaraq Nokia və Samsung-un istehsal xəttində çoxlu smartfon və adi mobil telefon modelləri var.
Liderlər beşliyinə LG Electronics və ZTE şirkətləri də daxil olub.
2011-ci ilin dördüncü rübündə dünya üzrə mobil telefonların ümumi satış həcmi 427,4 milyon ədəd qurğu təşkil edib ki, bu da 2010-cu ilin göstəricisindən 6,1 faiz çoxdur, Ruformator xəbər verir.