Cari ilin aprelin 1-dən etibarən Sony-nin prezidenti və baş icraçı direktoru vəzifəsini tutacaq Kadzuo Xirai korporasiyada bir çox islahatlar aparmaqla yeniliklər etməyi planlaşdırır.
Xüsusilə K.Xirai korporasiyanın bütün bölmələrinin vahid şəkildə işləyərək daha keyfiyyətli istehlak həlləri istehsal etməsi üçün onların qarşılıqlı fəaliyyətinə nail olmaq istəyir.
Onun sözlərinə görə, o, Sony-ni adi elektronika tədarükçüsündən inteqrasiya ölünmuş həllər təchizatçısına çevirməyi düşünür. Bu halda diqqət proqram təminatı və servislərə yönəlməklə elektron qurğuların onlar üçün yalnız platforma rolunu oynayacağı nəzərdə tutulur.
Bütün bunlar Apple şirkətinin iş prinsipi ilə birbaşa paralellər aparmağa imkan verir. Apple-in uğuru məhz tamamlanmış həllərin buraxılması ilə izah edilir, belə ki, bu halda istifadəçi yalnız bir alış etməklə bütün lazım olanı əldə edir.
Qeyd edək ki, 51 yaşlı K. Xirai sözügedən yenilikləri həyata keçirməyə ən münasib şəxsdir. O, işinə kontentlə başlayıb və uzun illər oyun qurğuları daxil olmaqla, Sony-nin oyun biznesinə rəhbərlik edib.